Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası dəyişir.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Hazırda qüvvədə olan qaydaya görə, müvəkkil kredit təşkilatları mütəmadi olaraq sahibkarlıq subyektlərinin monitorinqini aparır və Agentliyə rüblük hesabatlar verir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik müvəkkil kredit təşkilatları ilə birlikdə kredit almış sahibkarlıq subyektlərində məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, müvəkkil kredit təşkilatları həmin sahibkarlıq subyektlərindən kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edirlər. Belə sahibkarlıq subyektlərinə gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir.
Bundan sonra da müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsinin və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Əgər bundan belə sahibkarlıq subyektlərinə gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilirdisə, bundan sonra belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan ediləcək. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Agentliyin hesabına köçürməlidir.
Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydaya cərimə hesablanacaq. Tələb edilən vəsaitin köçürülməsi 30 iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görəcək.