Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü ildə sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə böyük məbləğdə sığorta ödənişləri edilib.
Sığortalı fermerlərə daha 40 min manatlıq - AQRAR SIĞORTA ÖDƏNİŞLƏRİ EDİLİB
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumatına görə, il ərzində müxtəlif hadisələrdən zərər görmüş sığortalı fermer və təsərrüfatlara 4,4 milyon manat sığorta ödənişləri edilib.
Qeyd edilib ki, 2023-cü il Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi, çoxsaylı yığıntılar və sel-subasmalarla yadda qaldı. Bu hadisələr sığorta hadisələrinin sayına və sığorta ödənişlərinin məbləğinə də təsir göstərib.
Nəticədə 2023-ci ildə sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80% artıqdır.
Xatırladaq ki, 2022-ci ildə aqrar sığorta hadisələri üzrə sığortalı fermerlərə 2,4 milyon manat ödəniş edilmişdi.
2023-cü ildə bitkiçilik sahəsində baş verən zərərlər üzrə 3 milyon 496 min manat ödəniş edilib. Bu 2022-ci illə müqayisədə 1,7 milyon manat və ya 2 dəfə artıqdır.
2023-cü ildə heyvandarlıq sığortası üzrə baş vermiş hadisələrə görə Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermer və təsərrüfatlara 910 066 manat sığorta ödənişi edilib. 2022-ci illə müqayisədə sığorta ödənişlərinin məbləği 200 min manat və ya 28% artıb.
2023-cü ildə bitkiçilik sığortası üzrə ən çox zərər ödənişi edilmiş rayonlar Şəki və Qobustan rayonları olub.
Ən böyük məbləğdə sığorta ödənişləri buğda, arpa, pambıq, qarğıdalı və gilas bitkiləri üzrə verilib.
Aqrar Sığorta Fondunun məlumatına görə, bitkiçilik sığortası sahəsində ən çox baş verən və fermerlərə ödəniş edilən hadisələr fırtına-qasırğa, sel-subasma, dolu, 3-cü şəxslərin hərəkətləri və yanğın olub.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və tariflərlə Fondun internet səhifəsi (asf.gov.az) vasitəsilə tanış olmaq mümkündür.