Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 ay azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü barədə əvvəlki qərarını dəyişib.
Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılıb. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib, Məmmədova 7 il 6 ay həbs cəzası verib.
Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş olunub.
Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.
Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalında azadlığa buraxılıb.
Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilib ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.