Ofislərin sevimli məşğuliyyəti olan çay və qəhvə fasiləsi təkcə işgüzar söhbətlər və yeni ofis şayiələrinin müzakirəsi ilə yadda qalmır. Tələsik şəkildə çay və ya kofeni qaynar içmək, sonradan ciddi problemlərə – daha dəqiqi xərçəngə səbəb ola bilər.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son dövrlər aparılan araşdırmalar göstərir ki, qaynar içkilər, xüsusilə də vaxtın az olduğu ofisdə içilən çay və kofe artıq real təhlükəyə çevrilib.
Bu barədə «Ekonomist» nəşri, bir neçə qrupdan olan alimlərin araşdırmalarına əsasən məlumat yayıb.
«Bu cümləni yazarkən qarşımda yeni dəmlənmiş çay var, amma onu içməyə tələsmirəm, çünki hələlik o kanserogendi (xərçəng yaradandır – FED.az), içmək üçün onun soyumasını gözləyəcəm»-deyə nəşrin baş elmi jurnalisti Tim Kross bildirir.
8 sentyabrda dərc olunmuş geniş əhatəli bir araşdırmaya görə, isti içkilər boğaz, xüsusilə də qida borusu hüceyrələri üçün zərərlidir.
Tədqiqatda Britaniyada təxminən 1 milyon insanın, həm çay içənlərin, həm də qəhvəyə üstünlük verən insanların məlumatları təhlil edilib. Aşkar edilib ki, səhərlər çay və kofeni çox isti içməyi xoşlayanlarnın qida borusu xərçənginə tutulma riski təxminən üç dəfə yüksəkdir.
«Çayını və ya qəhvəsini isti içən hər kəs onun soyumasını gözləsəydi, bu, Britaniyada hər il rast gəlinən təxminən 3200 qida borusu xərçəngi halından 440-nın qarşısını ala bilərdi»-deyə jurnalist mövzunu və təhlükəni izah edir.
Yeni geniş araşdırma göstərir ki, çay və qəhvəni çox isti içmək sadəcə ağız və boğazda yanma hissi yaratmır. içkilərin yüksək temperaturda qəbul edilməsi qida borusu xərçənginin müəyyən növünün yaranma riskini əhəmiyyətli dərəcədə artıra bilər.
Sentyabrın 8-də International Journal of Cancer jurnalında dərc olunan yeni tədqiqat Britaniyada 977 282 nəfərin məlumatlarının təhlilinə əsaslanır. Araşdırmanın nəticələri göstərir ki, çay və qəhvə kimi isti içkiləri “ilıq” deyil, “çox isti” içməyi üstün tutan şəxslərdə qida borusunun yastıhüceyrəli karsinomasının yaranma riski təxminən 3,17 dəfə yüksəkdir.
Araşdırma iki böyük məlumat bazasının — Million Women Study və UK Biobank — məlumatlarını birləşdirib. Birinci qrupa 510 112, ikinci qrupa isə 467 170 nəfər daxil olub. Million Women Study iştirakçıları orta hesabla 14,2 il, UK Biobank iştirakçıları isə 11,1 il izlənilib.
Bu müddət ərzində iştirakçılar arasında ümumilikdə 2 348 yeni qida borusu xərçəngi hadisəsi qeydə alınıb. Onlardan 1 045-i yastıhüceyrəli karsinoma, 1 303-ü isə adenokarsinoma olub.
“Çox isti” içənlərdə risk 3,17 dəfə yüksək olub
Tədqiqatçılar insanların çay və qəhvəni hansı temperaturda içməyə üstünlük verdiyini müqayisə ediblər. İştirakçıların içkiləri “ilıq”, “isti” və ya “çox isti” qəbul etməsi nəzərə alınıb.
Nəticələrə görə, içkilərini “çox isti” qəbul edənlərdə, “ilıq” içənlərlə müqayisədə qida borusunun yastıhüceyrəli xərçəngi riski 3,17 dəfə yüksək olub. Statistik göstəricinin 95%-lik etibar intervalı 2,49–4,03 təşkil edib.
Hətta sadəcə “isti” içməyi üstün tutanlarda belə risk “ilıq” içənlərlə müqayisədə 69% yüksək olub — nisbi risk 1,69 təşkil edib.
Amma maraqlı məqam budur ki, temperaturla bağlı bu güclü əlaqə qida borusu xərçənginin digər əsas növü olan adenokarsinoma üçün müşahidə edilməyib. “Çox isti” içənlərdə adenokarsinoma üzrə risk göstəricisi 0,92 olub və statistik baxımdan ciddi artım qeydə alınmayıb.
Gündə 6 və daha çox isti içki də riski artırır
Araşdırmada təkcə temperatur deyil, gün ərzində içilən isti içkilərin sayı da nəzərə alınıb.
İştirakçıların təxminən yarısı gündə çox sayda çay və qəhvə içirdi. Million Women Study iştirakçılarının 43%-i, UK Biobank iştirakçılarının isə 44%-i gündə 6 və daha çox isti içki qəbul etdiyini bildirib. “Çox isti” temperaturu seçənlərin payı isə müvafiq olaraq 13% və 17% olub.
Temperatur amili ayrıca nəzərə alındıqdan sonra belə, gündə 6 və daha çox isti içki qəbul edən şəxslərdə qida borusunun yastıhüceyrəli karsinoması riski gündə 6-dan az içki qəbul edənlərlə müqayisədə 71% yüksək olub.
Bu halda nisbi risk göstəricisi 1,71, 95%-lik etibar intervalı isə 1,51–1,94 təşkil edib.
Adenokarsinoma üçün isə gündə 6 və daha çox isti içki qəbulunda risk göstəricisi 1,19 olub. Yəni artım xeyli zəif olub.
İçkinin soyumağını gözləmək xərçəng hallarını 14% azaldar
Tədqiqatçıların hesablamasına görə, əgər içkilərini “çox isti” qəbul edən insanlar temperaturu sadəcə “isti” səviyyəsinə endirsəydilər, Britaniyada qida borusunun yastıhüceyrəli xərçəngi hallarının təxminən 14%-nin qarşısını almaq mümkün ola bilərdi.
Müəlliflər Böyük Britaniyanın milli xəstələnmə göstəricilərindən istifadə etməklə hesablayıblar ki, bu, ildə təxminən 440 qida borusu xərçəngi hadisəsinin qarşısının alınmasına uyğun gələ bilər. Bu hesablamanın səbəb-nəticə əlaqəsinin real olduğu fərziyyəsinə əsaslandığı xüsusi qeyd edilir.
Araşdırma müəllifləri hətta içki temperaturunun hazırkı “isti” səviyyəsindən də aşağı salınmasının daha çox xərçəng halının qarşısını ala biləcəyini istisna etmirlər.
Süd əlavə etmək riski aradan qaldırmayıb
Yeni araşdırmada başqa bir maraqlı məqam da yoxlanılıb.
Million Women Study iştirakçılarının 459 739-u çay və qəhvəyə süd əlavə edib-etmədiyi barədə məlumat verib. Onların 73%-i çaya, 64%-i isə qəhvəyə süd əlavə etdiyini bildirib.
Lakin tədqiqatçılar süd əlavə edən və etməyən şəxslər arasında temperaturla əlaqəli riskin səviyyəsində ciddi fərq aşkar etməyiblər. Yəni süd əlavə etmək avtomatik olaraq isti içkinin temperatur riskini aradan qaldıran amil kimi görünməyib.
Yeni Britaniya tədqiqatı bu mövzuda ilk araşdırma deyil.
IARC-ın 2025–2029-cu illər üçün hazırladığı elmi qiymətləndirmə sənədində İranda aparılmış Golestan Cohort Study tədqiqatının nəticələri də xatırladılır. Burada 50 045 nəfər orta hesabla 10,1 il izlənilib.
Nəticələrə görə, isti qara çay içənlərdə qida borusunun yastıhüceyrəli xərçəngi riski 2 dəfədən çox, “çox isti” qara çay içənlərdə isə ilıq çay içənlərlə müqayisədə 8 dəfədən çox yüksək olub.
Bəs çay və qəhvədən imtina etmək lazımdır?
Araşdırmanın nəticəsi çay və ya qəhvənin özünün xərçəng yaratması demək deyil.
IARC-ın qiymətləndirməsində qəhvənin özü insan üçün kanserogen kimi təsnif edilməyib. Əsas narahatlıq içkinin çox yüksək temperaturda qəbul edilməsidir.
Üstəlik, yeni Britaniya araşdırması müşahidə xarakterlidir. Yəni nəticələr çox isti içkilərlə xərçəng arasında güclü əlaqə göstərsə də, bu tip tədqiqatlar təkbaşına səbəb-nəticə əlaqəsini mütləq şəkildə sübut etmir.
Bununla belə, təxminən 1 milyon insanın uzun illər ərzində izlənilməsi, riskin temperatur yüksəldikcə ardıcıl şəkildə artması və nəticələrin əvvəlki beynəlxalq araşdırmalarla uyğun gəlməsi sübut bazasını xeyli gücləndirir.
Çay və kofeni hansı temperaturda içmək lazımdır?
Alimlərin araşdırmalarına əsasən burada ən praktik sərhəd 65°C-dir. IARC – ÜST-nin Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi – 65°C-dən yuxarı temperaturda içilən içkiləri “çox isti” hesab edir və bu temperaturda müntəzəm içməni qida borusu xərçəngi ilə əlaqəli ehtimal olunan risk kimi qiymətləndirir.
Daha rahat və ehtiyatlı diapazon kimi təxminən 55–60°C götürmək olar. Ayrı bir elmi işdə isti içkilər üçün optimal içmə temperaturu, həm yanıq riskini azaltmaq, həm də içkinin isti hissini saxlamaq baxımından 57,8°C hesablanıb. Həmin araşdırmada insanların üstünlük verdiyi orta temperatur təxminən 60°C olub.
|
Temperatur |
Qiymətləndirmə |
|
70°C və yuxarı |
Çox isti; uzunmüddətli vərdiş kimi məsləhət görülmür |
|
65°C-dən yuxarı |
IARC-ın “çox isti içki” sərhədi; risklə əlaqələndirilir |
|
60–65°C |
Artıq yüksək temperaturdur; soyutmaq daha məqsədəuyğundur |
|
55–60°C |
Daha münasib və praktik diapazon |
|
≈58°C |
Bir araşdırmada optimal içmə temperaturu kimi hesablanıb |
|
50–55°C |
Daha sərin və termal zədələnmə baxımından daha ehtiyatlı seçim |
IARC-ın nəzərdən keçirdiyi tədqiqatlarda təxminən 70°C-də içilən çay və mate ilə qida borusu xərçəngi arasında əlaqə müşahidə olunub. Heyvan təcrübələrində də 65°C temperaturda çox isti suyun qida borusunda şişlərin inkişafını təşviq edə bildiyi göstərilib. Ona görə çay və qəhvəni qaynar halda içməmək, temperaturun 60°C-dən aşağı düşməsini gözləmək daha təhlükəsiz yanaşmadır. IARC 65°C-dən yuxarı temperaturda qəbul edilən içkiləri ‘çox isti’ hesab edir.












