Azərbaycanda əhalidən kart vəsaitlərinin oğurlanması üçün saxta saytlar yaradan şəbəkə aşkar edilib.
FED.az xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) açıq mənbələr üzrə apardığı monitorinq zamanı ölkədəki ödəniş sistemlərini yamsılayan saxta 6 sayt və onları yayan hesablar aşkarlanıb.
Monitorinq zamanı “AzərPay”, “Express Pay”, “ExpersPay”, “KonturPay”, “million” və “PulPay” adlarından istifadə edən altı saxta sayt tapılıb.
Bu saytlarda “Azercell”, “Bakcell” və “Nar” mobil operatorlarının ad və loqolarından istifadə edilməklə «endirimli internet və danışıq paketləri» təklif olunur.
Bu saxta səhifələrdə real ödəniş etmək olmur, əksinə, istifadəçidən bank kartı məlumatlarının daxil edilməsi tələb olunur.
MKA-nın araşdırması göstərib ki, bu saytların hamısı eyni üsulla yaradılıb. Saxta saytlarla yanaşı, onları tanıtmaq üçün “TikTok”da hesablar da yaradılıb və həmin hesabların paylaşımları ödənişli reklama qoyulub.
Reklam materiallarında “Ad”, “Learn more” və “Shop now” bölmələrinin yer alması ödənişli tanıtım mexanizmindən istifadə edildiyini göstərir.
Araşdırma zamanı müəyyənləşib ki, saxta resurslarda istifadə olunan reklam materialları da eyni şablon və struktur əsasında hazırlanıb.
Materiallarda müxtəlif mobil operatorların loqoları, paket cədvəlləri və “Yay kampaniyası”, “Payız kampaniyası” kimi mövsümi ifadələrdən istifadə olunub, əsasən isə yalnız brend elementləri və rənglər dəyişdirilib. Saxta resurslardan birində bank brendi olan “Expressbank”ın ad və vizual üslubundan da istifadə edilib.
MKA-nın ekspertləri başa düşüb ki, bu hallar ayrı-ayrı insidentlər deyil, bu işi edən eyni şəbəkənin nümayəndələridir.
Yəni ayrı-ayrı domenlərin bloklanması şəbəkənin fəaliyyətini tam dayandırmaya bilər. Belə ki, mövcud resursların əvəzinə eyni yanaşma ilə yeni domen və hesabların yaradılması mümkündür.
MKA vətəndaşlara internet və mobil rabitə paketləri ilə bağlı təklifləri yalnız müvafiq şirkətlərin rəsmi internet resursları və sosial media hesabları üzərindən yoxlamağı, tanımadıqları keçidlərdə bank kartı məlumatlarını paylaşmamağı tövsiyə edir.












