"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqini (IDR) “BBB-” səviyyəsində təsdiqləyib.
SOCAR-ın üç şirkətinin ixracdan gəlirləri – 100 MİLYON DOLLAR AZALIB
FED.az xəbər verir ki, “Fitch” qeyd edir ki, SOCAR tamamilə dövlətə məxsusdur. Buna görə agentliyin dövlətlə əlaqəli qurumlar üçün müəyyən etdiyi meyarlara uyğun olaraq şirkətin reytinqi Azərbaycanın “BBB-” səviyyəsində olan suveren reytinqinə bərabərləşdirilib və reytinq üzrə proqnoz “Stabil”dir.
“Reytinqlərin bu şəkildə tarazlaşdırılması SOCAR-a dövlət dəstəyi, o cümlədən maliyyə zəmanətləri, pul vəsaitləri şəklində ödənişlər və kapital qoyuluşları, habelə şirkətin sosial funksiyaları və neft-qaz layihələrinin həyata keçirilməsi üçün dövlət aləti kimi əhəmiyyəti ilə şərtlənir. Agentlik borc yükü göstəricilərinin yaxşılaşması sayəsində SOCAR-ın müstəqil kredit profilini (SCP) “bb-”dən “bb” səviyyəsinə yüksəldib. Bununla yanaşı, şirkətin müstəqil profili neft və qaz hasilatının orta miqyasını, inteqrasiya olunmuş biznes modelini, güclü maliyyə profilini və korporativ idarəetmə sahəsindəki məhdudiyyətləri əks etdirir”, – deyə hesabatda bildirilir.
“Fitch” həmçinin Azərbaycan hökumətinin SOCAR-ın əməliyyat fəaliyyətinə, maliyyə nəticələrinə və strateji qərarlarına əhəmiyyətli nəzarət etdiyini qeyd edir ki, bu da dövlət nəzarətinin yüksək səviyyədə olduğunu göstərir.
SOCAR-ın məlumatına görə, 2025-ci ilin sonunda Cənub Qaz Dəhlizinin (CQD) konsolidasiyasından sonra dövlət zəmanətləri şirkətin borcunun 25 faizini əhatə edib. Tarixən bu göstərici əhəmiyyətli dərəcədə aşağı olub – 2023-cü ilin sonunda 4 faiz təşkil edib. “Fitch” hesab edir ki, CQD-nin avroistiqrazların ödənilməsindən sonra bu pay təxminən 12 faizə qədər azalıb.
“Bununla belə, karbohidrogenlərin əlverişli qiymətləri SOCAR-ın müstəqil kredit profilinin dayanıqlığını qoruyub saxlayır və bu, şirkətin dövlət dəstəyinə dərhal ehtiyacını azaldır. Eyni zamanda, “Fitch” hesab edir ki, zərurət yarandığı təqdirdə hökumət SOCAR-a birbaşa dəstək göstərəcək”, – deyə reytinq agentliyinin analitikləri qeyd ediblər.
“Fitch” SOCAR-ın neft-qaz məhsullarının istehsalçısı və satıcısı kimi, həmçinin Azərbaycan və onun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan, o cümlədən Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin iştirakçısı kimi ölkə iqtisadiyyatında mühüm rolunu vurğulayır.
“Bundan əlavə, SOCAR bir sıra neft-qaz müştərək müəssisələrində paylara sahibdir və karbohidrogen hasilatı üçün mühüm əhəmiyyət daşıyan layihələrdə dövlətin maraqlarını təmsil edir. SOCAR Azərbaycanda ən iri işəgötürən və vergi ödəyicisi olmaqla yanaşı, ölkənin neft-qaz sənayesinin inkişafı üçün əsas dövlət alətidir”, – deyə hesabatda bildirilir. (Trend)












