Aprelin 30-da Mərkəzi Gömrük Ekspertizası İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
FED.az xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Ekspertizası və Bakı Baş Gömrük idarələrinin əməkdaşları ilə yanaşı, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri və sahibkarlar iştirak edib.
Görüş gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərin öyrənilməsi məqsədilə təşkil edilib.
Tədbirdə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin fəaliyyəti, o cümlədən gömrük qanunvericiliyi sahəsində yeni qəbul edilən normativ-hüquqi aktlar və dəyişikliklərlə bağlı məlumat verilib. Eyni zamanda “Gömrük ekspertizasının aparılmasına dair elektron reyestr və sorğuların təhlili”, “Məcburi qərarlar və onların tətbiqi” mövzusunda nümayiş etdirilən təqdimatlar geniş müzakirə olunub.
Yekunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.