"Bank Respublika"ASC-nin nizamnamə kapitalının daha 39 546 542 manat və yaxud 19,7 % artırılaraq 200 751 530 manatdan 240 298 072 manata çatdırılması planlaşdırılır.
FED.az xəbər verir ki, kapital artımı Bankın dövriyyədə olan 30 188 200 ədəd səhminin nominal dəyərinin 6,65 manatdan 7,96 manata çatdırılması hesabına baş tutacaq.
Bundan başqa, "Bank Respublika"nın 80 milyon manatlıq imtiyazlı səhm buraxması planlaşdırılır. Hər birinin nominal dəyəri 1 manat olan 80 milyon ədəd yeni səhm qapalı üsulla yerləşdiriləcək. Qiymətli kağızları bir qədər əvvəl anonsu verilmiş konsolidasiya prosesi çərçivəsində "Access Bank" QSC-nin mövcud səhmdarlarının alacağı gözlənilir. Beləliklə, "Bank Respublika"nın nizamnamə kapitalı təxminən 320 milyon manat təşkil edəcək ki, bunun da 25 %-i yeni səhmdarlara məxsus olacaq.
"Bank Respublika" 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur (Report).













