Qırmızı Ürəklər Fondu və Azərbaycan Hava Yollarının Naxçıvana təşkil etdiyi xeyriyyə səfəri gözəl və təsirli anlarla yadda qalıb.
FED.az xəbər verir ki, hər il ənənəvi olaraq xeyriyyə tədbirləri keçirən «Red Hearts» - Qırmızı Ürəklər Fondu bu dəfə «Azərbaycan Hava Yolları»nın dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində xeyriyyə məqsədilə Bakıdan Naxçıvana yola düşüb.
Ölkənin ən böyük aviaşirkəti və Qırmızı Ürəklər Fondunun qonaqları Ordubad şəhərində yerləşən M.Füzuli adına tam orta internat məktəbinin balaca sakinlərilə görüşüblər.
Bu məktəbdə yaşayan və valideyn himayəsindən məhrum uşaqlara əsl bayram əhval-ruhiyyəsi bəxş etmək üçün onların sevimli qış qəhrəmanları - Santa Klaus və Elf də məxsusi olaraq onlar üçün AZAL-ın təyyarəsi ilə Bakıdan Naxçıvana səyahət edib.
Xeyriyyə səfəri çərçivəsində uşaqlara isti geyim və digər hədiyyələr verilib, amma Santa Klaus və Elf-in gəlişi onlara ən böyük sevinc hissi yaşadıb.
Təşkilatçılar internat məktəbinin uşaqları üçün musiqili əyləncə proqramı və müsabiqələr təşkil ediblər. Valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu səfər əsl sevinc və ümid mənbəyi olub.
Xeyriyyə məqsədilə təşkil edilən reysdə Santa Klaus və Elf-in olması təyyarənin sərnişinləri üçün də sürpriz olub. Uçuş zamanı Santa Klaus və Elf reysin sərnişinlərinə də bayram ab-havası bəxş edib, onları hədiyyələrlə sevindiriblər.
Azərbaycan Hava Yolları ölkənin ən böyük şirkətlərindən biri olaraq sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır. AZAL bu mövzunu geniş reklam etməsə də, artıq uzun illərdir ki, cəmiyyətin həssas təbəqələri üçün müxtəlif xeyriyyə və yardım aksiyaları həyata keçirir.
Xatırladaq ki, «Red Hearts» - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.