Azərbaycan prezidenti İlham Əliyev aprelin 30-da “Boeing” şirkətinin icraçı vitse-prezidenti, “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.
FED.az xəbər verir ki, görüşdə bu yaxınlarda Azərbaycanın “Boeing” şirkətindən 8 ədəd müasir “Boeing 787 Dreamliner” təyyarəsinin alınması barədə razılaşmanın əldə olunması mühüm hadisə kimi qeyd edilib.
Bildirilib ki, Azərbaycan ilə “Boeing” şirkəti arasında uzun illərdir uğurlu və etibarlı əməkdaşlıq var.
İlham Əliyevlə “Boeing” rəhbərinin görüşündə həmçinin Qarabağda və Şərqi Zəngəzurda yeni hava istiqamətlərinin açılmasının önəmi vurğulandı, bildirilib ki, əməkdaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək.
Söhbət zamanı Azərbaycanda nəqliyyat sahəsində böyük işlərin həyata keçirilməsindən bəhs olundu, ölkəmizin mühüm beynəlxalq və regional nəqliyyat habına çevrildiyi, yeni hava limanlarının açıldığı qeyd edildi.
Qeyd edək ki, dövlət başçısı ilə “Boeing” nümayəndəsinin görüşü Bakıda «Formula-1» yarışının keçirildiyi ərazidə baş tutub. Görüşdə «Formula 1» yarışının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, Azərbaycana xeyli sayda turistin gəlməsinin vacibliyi qeyd edildi. Yeri gəlmişkən, bu turistlərin bir hissəsi AZAL-ın “Boeing”dən aldığı təyyarələrlə daşınıb.