AZAL Bakıdan Misirin Şarm-əl-Şeyx kurortuna təyyarə reyslərini artırmağa dəstək verəcək.
FED.az xəbər verirki, bu barədə AZAL-ın prezidenti Cahangir Əsgərovun Misirin Azərbaycandakı səfiri Hişam Mohammed Naqi Abdel Hamid ilə görüşündə bildirilib.
AZAL-ın prezidenti ölkələr arasında müntəzəm hava əlaqəsinin olduğunu bildirib. Hazırda Misirin “Air Cairo” aviaşirkəti həftədə bir dəfə Bakı şəhərindən Qırmızı dənizin sahilində yerləşən Şarm-əş-Şeyx kurort şəhərinə və geri istiqamətdə uçuşlar yerinə yetirir.
Səfir Hişam Mohammed Naqi Abdel Hamid iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsində və Qahirə ilə Bakı arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsində maraqlı olduğunu bildirib.
AZAL-ın prezidenti Cahangir Əsgərov Bakı ilə Qahirə arasında sərnişin və yük daşımalarının həyata keçirilməsi, həmçinin Şarm-əş-Şeyx – Bakı - Şarm-əş-Şeyx marşrutu üzrə uçuşların sayının artırılması məsələlərində maksimum yardım göstəriləcəyini qeyd edib.
«Qahirədən Bakıya sərnişin reysləri açıldığı təqdirdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda «Air Cairo» aviaşirkətinə hava limanı tərəfindən müəyyən edilmiş qaydada endirimlər tətbiq olunacaq», - deyə Cahangir Əsgərov qeyd edib.