"Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 30-dan sentyabrın 1-nə qədər Monteneqronun korort şəhəri Tivata çarter reysləri həyata keçirəcək.
FED.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, uçuşlar hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Tivat Vrmas yarımadasında, Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlıqda yerləşir. Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Monteneqroya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.