Azərbaycanda Ekoturizm Assosiasiyası yaradılıb.
FED.az xəbər verir ki, Assosiasiya turizm, ekologiya və təbii sərvətlərin mühafizəsi sahələrində çalışan bir qrup peşəkar tərəfindən təsis edilib.
Eləcə də bax: Aqroekoturizm nədir və niyə insanları - MARAQLANDIRIR?
«Turizm, ekologiya və təbii sərvətlərin mühafizəsi sahələrində də biz islahatların aparılmasını müşaidə edirik. Bu sahələrdə gündəmə çıxmış yeni çağırışlara dəstək olmaq niyyətilə, o cümlədən illər ərzində qazanılmış təcrübələrə dayaqlanaraq, adı gedən sahələrdə çalışan və hər birisi öz apardığı fəaliyyətlərdə müvafiq uğurlar əldə etmiş bir qrup peşəkarlar Azərbaycan Ekoturizm Assosiasiyasının yaranması təşəbbüsü ilə çıxış etmiş və təşkiatı təsis etmişlər»-deyə Assosiasiyanın ilk açıqlamasında bildirilir.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılması təşəbbüsü haqqında bir sıra yerli və xarici mütəxəssislər və təşkilatlarla məsləhətləşmələr aparılıb, təşkilatın İdarə Heyətinə dəvət olan və digər ekspertlərin fikirləri öyrənilib və onların dəstəyi əldə edilib.
Bunlar sırasında TİES (The İnternational Ecotourism Society/Beynəlxalq Ekoturizm Cəmiyyəti), WWF (World Wide Fund for Nature/Ümümdünya Təbiəti Mühafizə Fondu, Qafqaz Regional Ekologiya Mərkəzi, DAİR Hotellər və Restoranlar Assosiasiyası, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti kimi təşkilatların mütəxəssislərini qeyd etmək olar.
Assosiasiyanın əsas məqsədləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmın inkişafına dəstək və yardım etməkdən ibarətdir.
Bunun üçün Assosiasiyanın görəcəyi işlər arasında ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi, ekoloji mədəniyyətin inkişafı və ekoturizm sahəsində dövlət, içtimai və özəl sektorlar tərəfindən həyata keçirilən milli və beynəlxalq layihələrə dəstək vermək və onlarda iştirak etmək var.
Bunlarla yanaşı, ekoloji mədəniyyəti, ekoturizm, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, davamlı turizm fəaliyyətlərinin inkişafını təşviq və təbliq etmək, ölkədə yeni ekoturizm (o cümlədən, açıq hava turizm fəaliyyətləri, sağlam və ekoloji qidalanma, aqro-turizm, kənd turizmi, eko otellər və eko qonaqpərvərlik sahələrində) məhsullarının hazırlanmasına dəstək vermək və onları beynəlxalq bazarlara çıxararaq Azərbaycanı ekoturizm ölkəsi kimi tanıtmaq niyyətindədir.
O cümlədən, ekologiya və turizm sahələrində elmi-praktiki araşdırmalar, statistika və sair bu kimi fəaliyyətləri həyata keçirmək, Assosiasiya sıralarında müxtəlif sahələr üzrə mütəxəssisləri birləşdirmək və adı gedən sahələrdə güclü elmi-praktiki “beyin mərkəzi” yaratmaq nəzərdə tutulur.
Və ekoloji mədəniyyət, ekorekreasiya, o cümlədən mədəni irs, aqro təcrübələr, dərketmə turizmi, balneoloji resurslar, elmi turizm kimi istiqamətlərdə inkişafa yardım etmək, bu sahələrin inkişafını təşviq və təbliq etmək.
Qeyd olunanlar Azərbaycan Ekoturizm Assosiasiyasının Nizamnaməsində öz əksini tapmışdırlar.
Assosiasiyanın təsisçiləri Azərbaycanda ekoloji mədəniyyətin və ekoturizmin inkişafına yardımçı olmaq üçün içtimaiyyətə müraciət edirlər, o cümlədən, gəncləri bu yolda daha aktiv olmaqa, təcrübəli peşəkarları əməkdaşlıqa cağırırlar. Assosiasiyanın təsisçiləri ümid edirlər ki, növbəti illərdən biri “Ekologiya və Turizm İli” kimi qəbul ediləcək və bu ekoloji mədəniyyətin və ekoturizmin inkişafına əvəzedilməz töhfə gətirəcək.
Azərbaycan Ekoturizm Assosiasiyasının yaradılmasının təşəbbüskarları və təsisçiləri aşağıdakılardır:
Samir Dübəndi, DAİR Hotellər və Restoranlar Assosiasiyasının sədri, ATMU-nin “Mehmanxana və restoran biznesi” kafedrasının baş müəllimi.
Zurab İsrafilov, “Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti”-nin sədri, ekologiya sahəsində ekspert.
Rüfət Qocayev, “Qartal” Dağ İdman Klubunun təsisçisi, peşəkar dağ turizm marşrutları üzrə ekspert.
Vüqar Dərgahov, BDU-nin “Xarici ölkələrin iqtisadi-siyası coğrafiyası və turizm” kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, kənd turizmi, ekoturizm kimi sahələrdə tətqiqatçı-ekspert.