Aqroekoturizm yeni yaranmasına baxmayaraq, dünyada sürətlə inkişaf etməkdə olan sahələrdəndir. Dünya əhalisinin sayının artması və urbanizasiya bu sahənin inkişafına təkan verir. Həmçinin insanlar artıq dəniz, qum və günəş üçlüyünün yaratdığı kütləvi turizmin yerinə, alternativ turizm növləri ilə daha çox maraqlanırlar. Şəhər sakinləri qısa müddətlik də olsa kənddə yaşamağı, fermada gecələməyi, təbii kənd məhsulları ilə qidalanmağı, təbiətlə təmas qurmağı arzulayırlar. Elə aqroturizmin meydana çıxmasının kökündə də məhz bu arzunu reallaşdırmaq istəyi dayanır. Aqroekoturizmin şəhər əhalisi üçün maraqlı olmasının digər səbəbi isə odur ki, səyahət müddətində onlar fərqli mədəniyyət və səfər etdikləri regionların yerli mətbəxləri ilə tanış olurlar, yerli təamları dadırlar.
FED.az xəbər verir ki, 1980-ci illərdə Avropada yaranan aqroekoturizm günümüzdə daha geniş əhatə dairəsinə malikdir. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yerli fermerlərə dəstək və onlar üçün alternativ satış kanalları yaratmaq məqsədi ilə aqro-eko turlar təşkil olunur. Aqroekoturizmi sosialyönümlü layihə də adlandırmaq olar. Belə ki, turizmin bu sahəsi regionlarda yaşayan əhalinin işsizlik və az gəlir kimi problemlərinin həllində töhfələr verə bilir.
Eləcə də bax: Aqro ekoturizm layihəsində - YENİLİKLƏR OLACAQ - AÇIQLANDI
Dünyanın müxtəlif ölkələrində aqroekoturizmin təşkili və fəaliyyət istiqamələri də müxtəlifdir. Məsələn, İtaliyada aqro-eko turlar daha çox fermalarda qonaqlamaq üçün təşkil edilir. Bundan başqa bu cür turlar kənd təsərrüfatı məhsulları almaq, təbiət əhatəsində gəzmək, təsərrüfat heyvanlarını bəsləmək, meyvə toplamaq və s. məqsədlər üçün də təşkil olunur.
Son vaxtlar ölkəmizdə turizm sektorundakı canlanma özünü aqroekoturizm sahəsində də hiss etdirir. Azərbaycanda həyata keçirilən aqroekoturizm layihələrinə “Şəhərdən Kəndə” layihəsini misal göstərmək olar. Layihə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. “Şəhərdən Kəndə”nin əsas məqsədi paytaxt sakinlərinin və xarici turistlərin asudə vaxtlarını səmərəli şəkildə keçirməsinə yardımçı olmaq, onlar üçün alternativ istirahət növü təşkil etmək, eyni zamanda, kəndlərdə yaşayan kiçik və orta fermer təsərrüfatı sahiblərinin sosial rifahını artırmaqdır.
Bu günə qədər layihə çərçivəsində Şamaxının Qonaqkənd, Çaylı, Meysəri, İsmayıllının Təzəkənd kəndlərinə turlar baş tutub. Yerli və xarici turistlərin iştirak etdiyi turlarda səyahətsevərlər bir günlük də olsa şəhər səs-küyündən uzaqda, təbiət qoynunda istirahət ediblər. Turlar müxtəlif fermer təsərrüfatlarına təşkil olunub ki, bu da turistlərə kənd həyatı və kənd təsərrüfatı məhsullarının yetişdirilməsi prosesləri ilə daha yaxından tanış olmağa, təbii məhsullar və yerli təamlar dadmağa imkan verib.
“Aqrar tədarük və təchizat” ASC tərəfindən mütəmadi olaraq aqro-eko turlar təşkil edilir. Həmçinin qurum regionlarda olan yerli fermer təsərrüfatları ilə əməkdaşlığa da açıqdır. Belə ki, öz təsərrüfatından əlavə gəlir qazanmaq istəyən kəndli-fermerlər quruma müraciət etməklə təsərrüfatlarının aqro-eko turlar üçün uyğun olub-olmadığını və əməkdaşlığın digər detallarını öyrənə bilərlər.
Hazırda isə görünən odur ki, “Şəhərdən Kəndə” layihəsi davamlı olacaq və ölkəmizin həm kənd təsərrüfatı, həm də turizm sahəsinə öz töhfəsini verəcək.
Azərtac