Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərə endirimli tariflərlə aviabiletlər əldə etmək imkanı yaradıb. Belə ki, aviaşirkət Bakı və Pekin arasında həyata keçirilən uçuşlar üçün xüsusi kampaniyaya start verib.
AZAL-ın satışa çıxardığı ucuz biletlər – REKORD VURUB – 1 GÜNDƏ 28 MİN BİLET
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, kampaniya çərçivəsində Bakı-Pekin-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 699 manatdan başlayır. Pekin-Bakı-Pekin reyslərinin aviabiletlərini isə 455 ABŞ dollarından başlayan qiymətlərlə əldə etmək mümkündür.
Bu istiqamətlər üzrə endirimli aviabiletlər hər iki tarix daxil olmaqla 2023-cü ilin noyabrın 30-dan dekabrın 14-dək satışda olacaq. Qeyd edək ki, Bakı və Pekin arasında uçuşlar dekabrın 19-dan etibarən həftədə iki dəfə — çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək.
AZAL-ın bu təklifi dünyanın ən maraqlı və heyrətamiz şəhərlərindən birini sərfəli qiymətlərlə ziyarət etmək imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.