Prezident İlham Əliyev dövlət tərəfindən torpaq sahələrinin şirkətlərə ayrılması ilə bağlı yenilikləri əhatə edən qanunları təsdiqləyib.
Azərbaycanda bir sıra qanunlar "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət başçısı parlamentin bir qədər əvvəl qəbul etdiyi Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarında dəyişiklikləri təsdiqləyib və bu sənədlər qüvvəyə minib.
Qanunlarda əsas dəyişiklik dövlət-özəl əməkdaşlığı çərçivəsində dövlət tərəfindən özəl şirkətə və ya sahibkara torpaq vermək və ya torpağı icarəyə verməkdir.
Bütün qanunlarda təkrarlanan dəyişikliklərə əsasən - “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” – nəzərdə tutulur.
Başqa sözlə, əgər «dövlət-özəl» tərəfdaşlığı çərçivəsində tələb olunarsa, hər hansı 3-cü tərəfin – məsələn digər şəxsin və ya bələdiyyənin torpağı əvvəlcə dövlət mülkiyyətinə və ya icarəsinə veriləcək. Sonra isə həmin torpaq sahəsi üzərində hüquqlar – layihəni həyaat keçirən tərəfə – fərdi sahibkar və ya şirkətə ötürüləcək.
Bu prosesin həyata keçirilməsi, yəni torpağın alınaraq tərəfdaşa ötürülməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.














