Qlobal banklar - Goldman Sachs, Bank of America, Morgan Stanley, UBS, JPMorgan və Deutsche Bank qızıl qiymətləri ilə bağlı 2026-cı il üzrə gözləntilərini (proqnozlarını) yeniləyiblər.
Qızılın qiyməti FED-in faiz artıracağı ehtimallarının zəifləməsi fonunda iki həftənin maksimumuna yaxın səviyyədə qalıb
FED.az xəbər verir ki, bankların proqnozları göstərir ki, qarşıdakı dövrdə bir unsiya qızılın qiyməti 4 800–5 200 dollar intervalında dəyişə bilər. Gözləntilərdə mərkəzi bankların qızıl alışları, FED-in pul siyasəti və ETF-lərə vəsait axını əsas müəyyənedici amillər kimi önə çıxır.
Goldman Sachs 2026-cı ilin sonu üçün qızılın bir unsiyasının qiymətini 4 900 dollar səviyyəsində proqnozlaşdırır.
Bankın fikrincə, bu hədəfin əsasını mərkəzi bankların güclü qızıl alışları və inkişaf etməkdə olan ölkələrin valyuta ehtiyatlarını şaxələndirmək meyli təşkil edir.
2. Bank of America
Bank of America 2026-cı ilin dördüncü rübü üçün qızılın bir unsiyasının qiymətini 4 800 dollar səviyyəsində gözləyir.
Bank qısamüddətli proqnozunu investor tələbindəki zəifləmə və FED-dən qaynaqlanan təzyiqlərin artması səbəbindən aşağı istiqamətdə yeniləyib.
3. Morgan Stanley
Morgan Stanley 2026-cı ilin ikinci yarısında qızılın bir unsiyasının 5 200 dollara çatacağını proqnozlaşdırır.
Bankın qiymətləndirməsinə görə, bu səviyyənin reallaşması üçün qızıl ETF-lərinə daha güclü vəsait axını lazımdır.
4. UBS
UBS qarşıdakı 12 ay ərzində qızılın bir unsiyasının 5 200 dollar səviyyəsinə yüksələ biləcəyini düşünür.
Bank hesab edir ki, bazarların FED siyasətini, dollar üzərindəki təzyiqi və mərkəzi bankların qızıl alışlarını yenidən qiymətləndirməsi fonunda qızıl bahalaşa bilər.
5. Deutsche Bank
Deutsche Bank 2026-cı ilin dördüncü rübü üçün qızılın bir unsiyasının qiymətini 4 800 dollar səviyyəsində proqnozlaşdırır.
Bank ilin ikinci yarısı üzrə qızıl gözləntisini aşağı salıb. Proqnoza əsasən, üçüncü rübdə qiymətlərin 4 300 dollar/unsiya səviyyəsinə geriləməsi, daha sonra isə dördüncü rübdə 4 800 dollar/unsiya səviyyəsinə bərpa olunması gözlənilir.
Bunun səbəbi kimi FED-lə bağlı gözləntilərin yenidən qiymətləndirilməsi və ABŞ-da güclü makroiqtisadi göstəricilərin investor tələbini təzyiq altında saxlaması göstərilir.
6. JPMorgan
JPMorgan iyun ayında açıqladığı daha optimist ilsonu proqnozunu indi əhəmiyyətli dərəcədə aşağı istiqamətdə yeniləyib. Bank 9 iyunda verdiyi qiymətləndirmədə qızılın ilin sonunadək bahalaşmasını davam etdirəcəyini proqnozlaşdırırdı.
Lakin son proqnozunda bank qızılın üçüncü rübdə bir unsiya üçün 4 300 dollara, dördüncü rübdə isə 4 500 dollara çatacağını gözləyir. Bu proqnoz bazardakı əvvəlki gözləntilərlə müqayisədə daha ehtiyatlı mənzərə ortaya qoyur.
Bank bildirib ki, ABŞ-da güclü makroiqtisadi göstəricilər FED-in gözləniləndən daha tez faiz artımına gedə biləcəyi ehtimalını yenidən gündəmə gətirərsə, onun proqnozları üzrə risklər aşağı istiqamətli olacaq.















