Ötən il Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin sayı 885 ədəd olub.
Azərbaycanda otellərin sayı artıb - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26 otel artım deməkdir.
Otellərin birdəfəlik tutumu 69 min 331 yer olub ki, bu da, 2024-cü ildəki 67 min 376 yerlik birdəfəlik tutumdan 1 955 yer çoxdur.
Otellərdəki nömrələrin sayı (otaqların sayı) 32 min 588 olmaqla, 2024-cü ildəki 31 min 750 otaqdan 838 otaq daha çox olub.
Ötən il Azərbaycan otellərində yerləşdirilmiş şəxslərin sayı 2 milyon 640 min nəfər olub. Xatırladaq ki, 2024-cü ildə otellərdə olan qonaq sayı 2 milyon 380 min nəfər olmuşdu. Yəni bir ildə qonaqların sayı 260 min nəfər artıb.
Qonaqlar otellərdə 4 milyon 596 gecə keçirib ki, bu da, illik müqayisədə 286 gecə daha çoxdur. Təxminən qonaqların sayı ilə gecələmələrin sayı eyni tepmdə artıb.
2025-ci ilin sonunda otellərdə işləyən işçilərin sayı 16 min 259 nəfər olub. Qeyd edək ki, 2024-cü ildə işçilərin sayı 15 min 202 nəfər idi. Yəni otellərdə işləyənlərin sayı bir ildə 1 057 nəfər artıb.
Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin əldə etdiyi gəlirlərin həcmi 653 milyon 44 min manat olub. 2024-cü ildə gəlirlər 694 milyon 162 min manat idi. Otellərin gəlirləri illik müqayisədə 41 milyon 118 min manat (5,9%) azalıb.
Otellər gəlirlərindən 535 milyon 59 min manat məhsul və xidmətlərin istehsalına xərcləyib. Bu da, 2024-cü ilə nəzərən 24 milyon 645 min manat çoxdur.
Ötən il otellərin gəlirləri azalıb, xərcləri artıb. Belə ki, əgər 2024-cü ildə otellər 694 milyon 162 min manat qazanıb, 510 milyon 414 min manat xərcləmişdisə, - yəni gəlirlərin 73,5%-ini xərclərə sərf etmişdisə, bu il 653 milyon 44 min manat qazanıb, 535 milyon 59 min manat xərcləyiblər – xərclər gəlirlərin 81,9%-inə bərabər olub.
Qeyd edək ki, ölkədəki otellər ötən il 45 milyon 338 min manat vergi ödəyib. Bu da, 2024-cü ildəki 38 milyon 450 min manatlıq vergi ödənişindən 6 milyon 888 min manat (17,9%) daha çoxdur.















