Bu il Cəlilabadda çiyələk üzrə məhsuldarlıq yüksək olsa da, bazarda yaranan bolluq, ixracın zəifləməsi və əlverişsiz hava şəraiti fermerləri çətin vəziyyətə salıb.
FED.az xəbər verir ki, bu barədə fermer Vüqar Musayev deyib.
O qeyd edib ki, məhsulun satış qiymətinin kəskin aşağı düşməsi nəticəsində bir sıra təsərrüfatlarda çiyələyin yığımı belə dayandırılıb.
Fermerlərin sözlərinə görə, hazırda sahələrdə çiyələyin topdansatış qiyməti 1 manata qədər enib ki, bu da məhsulu toplamaq, qablaşdırmaq və bazara çatdırmaq iqtisadi baxımdan sərfəli deyil.
O bildirib ki, əvvəlki illərdə məhsulun əhəmiyyətli hissəsi xarici bazarlara ixrac edilirdi:
"Bu il isə həm ixracın zəifləməsi, həm də daxili bazarda məhsul bolluğu qiymətlərin kəskin enməsinə səbəb olub. Çiyələk təsərrüfatlarında yaranan problemləri son günlər yağan aramsız yağışlar daha da dərinləşdirib. Davamlı yağıntılar nəticəsində sahələrdə rütubət artıb, yetişmiş məhsulun bir hissəsi çürüyərək yararsız hala düşüb və bu da bizə ciddi maddi ziyan vurub".
Kənd təsərrüfatı mütəxəssisi Mirdamət Sultanov hesab edir ki, sektorda yaranmış böhranın əsas səbəblərindən biri xarici bazarlarda tələbatın azalmasıdır. Onun fikrincə, vəziyyətdən çıxış yolu ixracatçı şirkətlərin yeni bazarlar axtarması, xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirməlidir.
Məsələ ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari il Cəlilabad rayonunda 740 hektar sahədə çiyələk əkilib. Son günlər hava şəraiti yağıntılı keçdiyi üçün sahələrdə məhsulun çürüməsi baş verib:
"Biz də fermerlərlə bu problemlərin aradan qaldırılması istiqamətində mütəmadi olaraq maarifləndirmə işləri aparırıq. Həmçinin hazırda bazara kütləvi məhsul çıxarıldığından qiymətlərin enməsi müşahidə olunur. Bir neçə gün sonra yenidən qiymətlərin artması gözlənilir" (Report).














