Azərbaycan Turizm Bürosunun təşkilatçılığı və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilati dəstəyi ilə 18 dekabr tarixində MDB və Körfəz ölkələrindən olan (Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı) 62 xarici turizm sənayesi nümayəndəsinin iştirakı ilə B2B görüşlər keçirilib.
FED.az xəbər veri ki, qeyd olunan ölkələrlə turizm əlaqələrinin qurulması və həmçinin yeni tərəfdaşların tapılması üçün B2B görüşlərin keçirilməsi daha əhəmiyyətli və faydalı olub.
B2B görüşdə Amazon Travel və şirkətinin “Amazon Health” məhsul qrupu da iştirak edib. Tədbirdə Amazon Travel şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyev xarici turizm sənayesi nümayəndələrinə ölkəmizin turizm potensialı, infrastrukturu, turistlərin baş çəkdiyi ənənəvi şəhər və rayonlardan başqa digər bölgələrimiz haqqında geniş informasiya verib: “Xüsusən vurğulamaq istərdim ki, tibbi turizm məhsulu daha çox maraq doğurdu. Qatar, Səudiyyə Ərəbistanından olan nümayəndələr bildirdilər ki, onlar tibb müayinə və müalicə üçün Avropa və Taylanda daha çox müraciət edirlər. Lakin Azərbaycanın həm məsafə baxımından yaxın həm də qiymət baxımından sözügedən ölkələrdən ucuz olması maraq doğurub”.
Seymur Allahverdiyev qeyd edib ki, ölkəmizə gələn turistlər əsasən Şimal və Şimal-Qərb regionlarımıza üz tuturlar. Bunun da səbəbi o bölgələrdə infrastruktur digər bölgələrə baxanda daha çox inkişf etmişdir. Lakin bizim məqsədimiz digər bölgələri də xarici turoperatorlara tanıtmaq və turistlərin bu bölgələrə təşviqini artırmaqdır. Bu təbliğat işlərini videomateriallar, bukletlər, infoturlar təşkil etməklə həyata keçiririk.