Bu ilin fevral ayından bu günə qədər sənədli torpaqların qiyməti 10% bahalaşıb.
Bakıda torpağın 1 sotu yarım milyon manata satılır - ARAŞDIRMA - VİDEO
FED.az xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, qiymətlərin bahalaşması tikinti mövsümü ilə əlaqədardır:
"Fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlar, əsasən, Masazır, Xırdalan, Ceyranbatan, Ramana, Əmircan, Mərdəkan, Şüvəlan, Pirşağı, Zaqulbada torpaq almağa üstünlük verirlər. Ümumi götürsək, paytaxtın qəsəbələrindən və kəndlərindən asılı olaraq qiymətlərdə nisbi dəyişikliklər ola bilir".
Ekspert əlavə edib ki, Mərdəkan qəsəbəsinin ucqar yerlərində bir sot torpağın qiyməti 10 min manatdan 30 min manata qədər dəyişir.
"Bilgəhdə isə elə ərazilər var ki, bir sot torpağın qiyməti 50 min manatdır. Pirşağı, Zaqulbada, Novxanıda isə bir sotun qiyməti 7-15 min manat arasında dəyişir. Digər ərazilərdə də bir sotun qiyməti 5 min manatdan başlayır. Bu qiymətlər sənədli torpaqlara aiddir. Ən ucuz torpaq sahələri Türkan qəsəbəsindədir. Burada torpağın bir sotunun qiyməti 3-5 min aralığında dəyişir.
Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Ərazidən asılı olaraq bir sotun qiyməti 100-500 min manat aralığında dəyişir. Bu qiymətlər açıq satışda olan ərazilərə aiddir. Ən bahalı torpaq sahələri Səbail və Nəsimi rayonunun mərkəzə yaxın olan ərazilərindədir", - deyə o qeyd edib. (Trend)