Əmlak bazarında qiymət artımı təkcə Bakı və ətraf ərazilər ilə məhdudlaşmır. Son illərdə ölkənin bir çox bölgələrində daşınmaz əmlak qiymətlərinin bahalaşdığı görülür.
Örüş və otlaq torpaqları bahalaşa bilər: Yeni subsidiya qaydalarının - GÖZLƏNİLMƏZ TƏSİRİ
Bəs Azərbaycan regionlarında daşınmaz əmlak qiymətləri nə qədər bahalaşıb, bu bahalaşmanın əsas səbəbləri nələrdir?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyir ki, son dövlərdə Azərbaycanın müxtəlif bölgələrində əmlak qiymətləri bahalaşıb və bu həmin ərazilərin inkişafı nəticəsində baş verib:
“Azərbaycanın müxtəlif bölgələrində əmlak qiymətləri bahalaşıb, Buraya Naxçıvan, şimal bölgələri və digər regionlar daxilir. Regionlərdəki inkişafa gəlincə, xüsusilə, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə turizm və kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin ərazilərdə müvafiq prosedur qaydalarına dəyişikliklər edildikdən və vətəndaşların sərbəst hərəkəti təmin olunduqdan sonra daşınmaz əmlak bazarının daha sürətlə formalaşacağı gözlənilir.
Eyni zamanda, Naxçıvanı da qeyd edə bilərik. Zəngəzur dəhlizinin açılması ehtimalı, hətta bu istiqamətdə danışıqların aparıldığı dövrdə belə, muxtar respublikada daşınmaz əmlak qiymətlərinin artmasına təsir göstərib. Bu istiqamətdə konkret addımlar atılacağı təqdirdə, Naxçıvanda daşınmaz əmlakın qiymətində ciddi artım baş verə bilər. Onu da qeyd edim ki, son beş ildə Naxçıvanda daşınmaz əmlakın qiyməti təxminən 2-2,5 dəfə artıb. Bazarın liberallaşması və sərbəstləşməsi də qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır.
Bundan başqa, Azərbaycanın şimal bölgələri, o cümlədən Qax, Zaqatala, Balakən, Quba və Qəbələ turizmin inkişafı baxımından böyük potensiala malikdir. Bu ərazilərdə torpaq sahələrinin qiymətində ciddi artım müşahidə olunur. Məsələn, əvvəllər həmin bölgələrdə bir sot torpağın orta qiyməti təxminən 3-4 min manat olduğu halda, hazırda bəzi ərazilərdə bu göstərici beş dəfəyədək artaraq 15-20 min manat civarına çatıb. Bu rəqəmlər əsasən təklif qiymətləridir”.
AQC sədri deyir ki, regionlarda daşınmaz əmlak və torpaq sahələrinin qiymət artımına əsas təsir edən amillər turizm və kənd təsərrüfatının inkişafı, eləcə də iqtisadi və sosial-iqtisadi layihələrin həyata keçirilməsidir:
“Bu baxımdan, hökumətin müvafiq proqramının 2027-ci ilədək davam etməsi də regionlarda torpaq sahələrinin qiymətinin artımını dəstəkləyən amillərdəndir. Proqramın icrasından sonra da bu istiqamətdə qiymət artımının davam edəcəyi gözlənilir”.
Vüqar Oruc gələn ildə də daşınmaz əmlak bazarında qiymət artımının davam edəcəyini vurğulayıb:
“Ümumilikdə, Azərbaycanın, xüsusilə də iri şəhərlərinin daşınmaz əmlak bazarında 2027-ci ildə orta hesabla 15 faizədək qiymət artımı proqnozlaşdırılır. Burada söhbət daşınmaz əmlakın ümumi orta qiymət artımından gedir. Torpaq sahələrinin qiymətinin isə yuxarıda qeyd olunan amillərin təsiri ilə hətta bu göstəricini də üstələyəcəyi ehtimal olunur”.













