Bayram tətilləri təkcə istirahətlə deyil, bol yeməklə, müxtəlif qidaların bolluca qəbulu ilə yadda qalır.
FED.az xəbər verir ki, adətən belə günlərdə insanlar daha böyük həcmdə qida qəbul edir və bir qayda olaraq qidalanma qaydalarını pozurlar. Belə pozuntulardan biri də həddən artıq kalorili və şəkərli qidaların qəbul edilməsidir. Bu isə sonradan müxtəlif xəstəliklərin və fəsadların yaranmasına səbəb olur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara şəkərdən istifadə zamanı diqqətli olmağı və mümkün az şəkər istifadə etməyi tövsiyə edir.
Agentlik xatırladıb ki, şəkərin normadan artıq istehlak olunması insan orqanizmində piylənməyə, dişlərin çürüməsinə, 2-ci tip diabetə, ürək xəstəliklərinə, ateroskleroza səbəb ola bilər. Eləcə də şəkərin normadan artıq istifadəsi bəzi xərçəng xəstəlikləri riskini artırır.
Şəkər orqanizmə yalnız qənd, şəkər tozu, mürəbbə, şərbət kimi qidalarla deyil, həm də emal edilmiş qida məhsulları vasitəsilə daxil olur. Həmin məhsullar əsasən aşağıdakılardan ibarətdir:
Şirinləşdirilmiş içkilər:
- Alkoqolsuz və qazlı içkilər;
- Meyvə şirələri və nektarları;
- Enerji içkiləri;
- Şirinləşdirilmiş çaylar və qəhvə içkiləri, kokteyllər.
Desertlər:
- Şirniyyatlar, xüsusilə şokoladlar, karamellər, vaflilər;
- Tortlar, kekslər və piroqlar;
- İçlikli və içliksiz peçenyelər və biskvitlər;
- Ruletlər;
- Dondurmalar;
- Sorbetlər.
Konservləşdirilmiş və emal olunmuş qidalar:
- Konservləşdirilmiş meyvələr;
- Tərkibində şirinləşdirilmiş souslar olan əvvəlcədən qablaşdırılmış yeməklər;
- Şəkər əlavə edilmiş hazır şorbalar.
Müxtəlif qəlyanaltılar:
- Şirinləşdirilmiş yoqurtlar;
- Dənli barlar;
- Popkorn;
- Şirinləşdirilmiş quru meyvələr;
- Qarğıdalı çubuqları.
Digər qidalar:
- Ketçup, souslar;
- Mürəbbə;
- Şokoladlı və ya çiyələkli südlər;
- Cem, jele və marmeladlar.
Mütəxəssislərin tövsiyəsinə əsasən, şəkər istehlakının azaldılması üçün
- çayın şokolad, mürəbbə və şirniyyat əvəzinə qurudulmuş meyvə və giləmeyvələrlə içilməsi,
- susuzluğun şəkərli içkilərlə deyil, su ilə dəf edilməsi,
- yemək hazırlanarkən isə minimum şəkər əlavə olunması və ya ümumiyyətlə əlavə edilməməsi arzuolunandır.
Üzüm, armud, əncir və digər bu kimi şirin meyvələrin az miqdarda qəbul edilməsi də tövsiyə olunandır. Bununla yanaşı, şirniyyatı çox istehlak edən şəxslərə bu qidadan istifadəni tədricən azaltmaq məsləhət görülür.