Azərbaycanda un istehsalçılarının topdansatış qiymətləri son bir ayda əsasən sabit qalıb. Avqustun 20-si ilə sentyabrın 17-si üzrə qiymət siyahılarının müqayisəsi göstərir ki, 27 istehsalçıdan yalnız biri 50 kq-lıq un kisəsinin qiymətini aşağı salıb, digər şirkətlərdə qiymətlər dəyişməyib.
FED.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, “Taxıl AQRO” MMC 50 kq-lıq un kisəsinin topdansatış qiymətini 28,30 manatdan 28 manata endirib. Beləliklə, şirkətin qiymətində bir ay ərzində 30 qəpik və ya 1,1% azalma qeydə alınıb.
Siyahıda göstərilən satış məntəqələri üzrə hesablamaya əsasən, 50 kq-lıq un kisəsinin orta topdansatış qiyməti təxminən 28,42 manatdan 28,41 manata enib. Yəni bazar üzrə orta qiymət faktiki olaraq dəyişməz qalıb.
Sentyabrın 17-nə ən aşağı qiymət “Dəvəçi-Taxıl” MMC-də 26,50 manat, ən yüksək qiymət isə “Azeri-Arapoğlu U.S. və T. LTD” BM-də 29,40 manat olub. Bu qiymətlər avqustun 20-si ilə müqayisədə dəyişməyib.
















