Bu ilin ilk 11 ayında Azərbaycana 27,8 milyon dollar dəyərində 15,7 min ton süd və qaymaq idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, süd və qaymaq idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon dollar və ya 21,9%, miqdar ifadəsilə isə 1,6 min ton, başqa sözlə 11,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 22,8 milyon dollar dəyərində 14,1 min ton süd və qaymaq idxal edilmişdi.
Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan süd və qaymağın 1 kiloqramının orta idxal qiyməti 3,01 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2,75 manat idi. Bu da illik müqayisədə 26 qəpik və ya 9,5% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi idxalın 0,13%-i süd və qaymağın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,12% idi.











