Gücünə inandığım bir neçə amil vardır ki, bunlardan biri də zamanlamadır. Yəni, hər bir fikir zamanında deyildikdə daha anlaşılan olur. Məsələn, 2014, 2016, 2018-ci illərdə yazdığım fikirlərdə Avropanın yalnız özünün qısa və orta müddətli mənafelərini düşünən siyasətlər yürütməsi, bu siyasətlərin isə bumeranq təsiri ilə özünə uzun perspektivdə mənfi təsir edəcəyi, Avropanın öz hərəkətlərinin nəticə və cəzalarını alacağı əks olunan fikirlərim o qədər də anlaşılmırdı. Sonra ABŞ Prezidenti Tramp Avropa Birliyi ilə ticarətlərə sanksiyalar tətbiq etdi, NATO-nun maliyyələşdirilməsində ədalətsizlik olduğunu irəli sürdü (NATO ABŞ-ın maliyyəsi və gücü hesabına mövcud olsa da, ən çox Avropanın təhlükəsizliyinə töhfə verir. NATO büdcəsinin 70%-ə qədəri tək ABŞ tərəfindən maliyyələşdirilir).
Eləcə də bax: Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR…
Bu gün biz xüsusilə Suriya və Rusiya siyasətlərində yumşaq və çəkincən, daha çox öz mənafelərini ön plana çəkərək siyasət yürüdən Avropanın son 400 illik keçmişinə baxdıqda nə üçün belə bir mənzərənin yarandığını görürük. Bu tarixə qısa baxışla biz görəcəyik ki, nə üçün Avropanın iddiaları əslində imkanlarının qat-qat altındadır. Biz görəcəyik ki, əslində demokratiya və insan haqları deyən Avropa əslində bu dəyərləri öz mənafeləri üçün necə ustalıqla sui-istifadə etmişdir. Qısası, hər şey göründüyü kimi deyil və Avropa əslində öz taleyini belə özü həll edə biləcək bir vəziyyətdə olmamışdır və indi də belə deyildir.
1648-ci ilədək Avropa daxili müharibələr, münaqiləşələr, kilsənin hakimiyyəti, inkvizisiyalar, zaman-zaman ortaya çıxan pandemiyalar girdabında boğulurdu. 1618-1648-ci illərdə baş verən 30 illik müharibə 1648-ci ildə Vestfalya sülhü ( 15 may və 24 oktyabr 1648-ci ildə Osnabrük və Münsterdə imzalanan 2 sülh müqaviləsi) ilə bitdi. Bu sülh sazişi Avropada yeni bir düzən formalaşdırdı. Bu sülh sazişi çoxsaylı Avropa dövlətlərinin bir-birlərinin ərazilərinə hörmət, sərhədləri pozmamaq və Avropada birgə dinc yaşayış prinsiplərinin əsasını qoydu. Bu günkü Avropa dəyərlərinin əsası qoyuldu. Fransa inqilabı, Napoleonun hakimiyyətə gəlişi və Avropanı fəth etməyə başlamasıyla bu sülh sazişi pozuldu (diqqət yetirək ki, Avropa özü bu sazişi pozdu). Napoleonun məğlubiyyəti yeni bir gücü, Rusiyanı Avropa səhnəsinə gətirdi və 1815-ci ildə Vyana sülh sazişi imzalandı. Qeyd olunmalıdır ki, bu sülh sazişinin imzalanmasına gedən yolda Britaniyanın da rolu yüksək olmuşdur. Daha çox Fransanın hegemonluğunu və genişlənməsini önləyən və Avropada güc balansı formalaşdırmaq məqsədli bu sülh sazişi Avropada Fransaya qarşı yeni bir gücün, Prussiyanın genişlənməsi və Bismark tərəfindən birləşdirilmiş və güclü bir Almaniyanın ortaya çıxmasıyla nəticələndi. Əslində 1853-1856-cı illərdə baş vermiş Krım müharibəsi istisna olmaqla Avropa 1914-cü ilə qədər (100 ilə yaxın) Vyana Sazişinin bəhrəsini və gətirdiyi əmin-amanlığın bəhrəsini gördü. Lakin, bu dəfə birləşmiş və güclənmiş Almaniyanın iddiaları, Avstriya imperiyasını idarə edən Habsburqlar ailəsi, Fransanın yenidən iddialarını ortaya qoyması 1914-cü ildə I Dünya Müharibəsi ilə nəticələndi. Avropa qan çanağına boğuldu. Bu dəfə də meydana ABŞ daxil oldu. ABŞ-ın təşəbbüsü və patronajlığı altında 1919-cu ildə Millətlər Birliyi (indiki BMT) təsis olundu. Bu müharibənin sonunda dünya siyasət səhnəsinə ABŞ güclü bir dövlət kimi qədəm qoydu. (ABŞ-ın 1919-cu ilə qədər siyasi səhnədə kölgədə qalaraq yalnız iqtisadi gücün formalaşdırılması siyasəti haqqında ayrıca yazım olduğu üçün bu mövzuya geniş toxunmuram). Yenə öz imzaladığı sazişi və öz daxilində güc balansını pozaraq özünü qan çanağına sürükləyən və öz tarixindən dərs çıxartmayan Avropa.
1919-cu ildən sonra baş verən hadisələrin səbəbləri isə nisbətən fərqlidir. Amma nisbətən. 1919-cu ilədək Avropada formalaşmış düşüncə tərzi və siyasi yanaşmalardan istifadə edən kənar güclər bu dəfə Avropanı daha böyük münaqişəyə sürüklədilər. Hansı düşüncə tərzi?
Avropa yuxarıda qeyd etdiyim 1648, 1815-ci il sazişlərindən sonra da öz daxilində müharibələrlə olmasa da, siyasi səhnədə daim çəkişmələr içərisində oldu. Fransanın davamlı olaraq Avropada ya önə çıxmaq istəməsi, ya digər (Avropadan kənarda olan) dövlətlərlə yaxşı polis rolunu oynamağa çalışması (bu rolu biz öz dövrümüzdə də dəfələrlə görmüşük), bəzən qorxu (məsələn, Avstriya imperiyasının gücündən qorxaraq Habsburqlar xanədanına qarşı Osmanı İmperiyası ilə ittifaqa girməsi), bəzən imperiya iddialarını genişləndirmək (Avropanın digər dövlətləri nisbətən zəiflədikdə) üçün müharibələr törətməsi Avropada güc balansını pozan əsas amillərdən biri idi. Fransanı bu mövqedən kənara atan güclü Almaniya amili oldu. Fransa hələ də güclü Almaniya amili ilə barışmaq istəmir. Hər nə qədər Almaniya birləşdikdən sonra ehtiyatlı və xarizmatik lider Angela Merkelin qarşısında qeyr-səmimi barışcıl mövqe nümayiş etdirməyə çalışsa da Fransanın iddiaları hələ də qalmaqdadır. Əslində Fransanın bu vəziyyətə düşməsinə, yəni sülh sazişlərini davamlı pozması, ədalətsiz mövqe nümayiş etdirməsi onun tarixən formalaşmış xarici siyasət kursunun məntiqi nəticəsidir. Avropa xarici siyasətinin düşüncə və yanaşma tərzlərinin kökündə Makiavelli, Rişelye və Taleyranın xarici siyasət, diplomatiya ilə bağlı fikir və doktrinaları, fəaliyyətləri durur. Hər üçü dahi olan bu şəxsiyyətlərin əsas fikirləri dövlətin mənafeləri üçün hər şeyin yolverilən olması düşüncələri idi. Reason d`etat (dövlət mənafeyi) biz də daxil olmaqla ayrı-ayrı dövlətlər üçün əslində ana siyasət xəttidir və belə də olmalıdır. Amma Avropa Birliyi kimi bir birliyin daxilində olan və dünya səhnəsində hakim, dəyərlər müdafiəçisi, güc balansı yaratmağa iddialı dövlətlərin davamlı olaraq bu doktrinanı kobud bir şəkildə həyata keçirməsi və bu yanaşmadan kənara çıxa bilməməsi, daxili münaqişə və çəkişmələr deyil, dünyanın problemləri və münaqişələrinin həllində real rol oynamağa çalışması və bunun üçün bir mexanizminin olması lazım idi. Bu olmadıqca bu kimi dövlətlər və birliklərin konkret addımlara söykənməyən sözləri və bəyanatları dünya dövlətlərinin gözündə güvənilməz və sönük qalır. Əgər reason d`etat (dövlət mənafeyi) prinsiplərindən kənara çıxa bilməyəcəksənsə onda dünyada hakimlərdən biri olmaq, ədalət carçısı, əsas güc mərkəzinə çevrilmək iddialarından əl çəkirsən.
Bir haşiyə çıxım. Yazdıqlarımla Avropanın pis bir yer olduğunu qeyd etmirəm. Avropa yaşamaq üçün gözəl bir yerdir. 1648-ci ildən bəri formalaşmaqda olan dəyərləri vardır. Rifah yüksəkdir. Amma öz vətəndaşları, öz dövlətləri üçün. Başqa dövlətlər və xalqlar isə bu qeyd olunanların təmin edilməsi üçün istismar kimi baxılan bir vasitədir. Qeyd edim ki, Avropa ABŞ və Britaniyaya bu məsələdə də uduzur. Vaxtilə hər hansı Avropa dövlətinin (Fransa, İspaniya, Portuqaliya, İtaliya, Belçika, Hollandiya və sair) müstəmləkəsi olmuş hər hansı bir dövlətə nəzər yetirin. Hamısı səfalət içində, borc bataqlığında. Bircə dövlətdə belə sistem qurmadılar. Önəmli bir qeyd edim ki, bu yazıda Avropa dedikdə Britaniya nəzərdə tutulmur və Britaniya tarixən də kənarda olmuşdur. Müəyyən müddət Avropa Birliyinə qoşulsa da bu yaxınlarda “Brexit” adlanan məşhur və səs-küylü (həm də dünya tarixinin gedişini dəyişməyə hesablanmış) proseslə çıxdı.
Qayıdaq 1919-cu ildən sonra baş verən hadisələrə. 1920-ci illər Avropanın heç bir problemi həll edə bilməməsi və aciz bir vəziyyətdə qalması ilə yadda qaldı. Xüsusilə Adolf Hitlerin hakimiyyətə gəlişi və yüksəlişi (Hitlerin hakimiyyətə gəlişi və yüksəlişi ciddi səbəblər və digər amillərə bağlı olsa da, mövzu Avropanın öz taleyinin həllində rol oynaya bilməməsi, proseslərə əngəl ola bilməməsidir) ilə də Avropanın qərarsızlığı, gücsüzlüyü daha bariz şəkildə ön plana çıxdı. Hitlerin hakimiyyətə gəlməsinin üzdəki siyasi tətikləyici səbəbləri I Dünya Müharibəsində məğlub olan Almaniyaya yüksək borc yükünün (təzminat şəklində) qoyulması, güzəşt edilməməsi, böyük dövlətlərin Almaniyanı davamlı olaraq əzməyə çalışmaları oldu. Bu hərəkətlər Hitlerin hakimiyyətə gəlişini və dəstəklənməsini sürətləndirdi. Bu prosesdə Avropa heç bir hərəkət edə bilmədi. II Dünya Müharibəsində də Avropanı yenə 3-cü dövlətlər xilas etdi. Xüsusilə, Avropanın dirçəlməsində ABŞ-ın Marşal planı və Böyük Britaniya əvəzsiz rol oynadı.
ƏRƏB BAHARI
Nəhayət ən yaxın tarix. Avropa Ərəb Baharı proseslərindən istifadə edərək öz nüfuzunu artırmaq istədi. Xüsusilə, Fransa Liviyada öz mövqelərini yenidən möhkəmlətmək üçün hərbi gücə də baş vurdu. Lakin, ölkənin dirçəldilməsi, investisiya, ölkədəki problemlərin həllində davamını gətirə bilmədi. Davamsızlıq və qərarsızlıq özünü yenə göstərdi. ABŞ-ın Suriya siyasətində də yumşaq mövqe sərgilədi. Suriyadan gələn qaçqınların qarşısını alması üçün faktiki olaraq Türkiyəyə yalvardı, vədlər verdi. Türkiyə Avropanı qaçqın istilasından qurtardı, lakin Avropa Türkiyəyə verdiyi vədlərin də çoxunu yerinə yetirmədi. Yenə güc sahibi olmağa iddia edən bir dövlətlər birliyi üçün qəbuledilməz hərəkətə imza atdı. Bütün bu qeyd olunanların fonunda Rusiya-Ukrayna müharibəsində Avropanın tutduğu mövqe daha da aydın olur. Bir tərəfdə mənafe (qaz məsələsi), bir tərəfdə Rusiya xofu, təhlükəsizlik. Bu dəfə də ABŞ və Britaniyanın kəskin mövqeləri olmasaydı Avropa yəqin ki, yenə qərarsızlıq içində çabalayacaqdı.
GÜCDƏN QORXAN AVROPA VƏ DİN
Türkiyə amilinə gəlincə. Avropa Birliyi Türkiyəni heç bir zaman öz sıralarına daxil etməyi düşünmədi və istəmədi. Avropanın yuxarıdakı çox qısa tarixinə baxdıqda səbəbləri görünür. Aralarında əlavə bir güclü dövlət istəmədilər və qorxdular (yenə qorxu, yenə özündən güclünü yanında görmək istəməmək. Amma taleyin ironiyasıdır ki, Avropanın bu günki dəyərlər sahib olan Avropa kimi qalmasında məhz kənarda olan güclü dövlətlərin rolu olmuşdur). Avropa güclü olmağı iddia etdiyi bir zamanda gücdən ən çox qorxan dövlətlər birliyidir. Digər mühüm amil isə təəssüf ki, dini amildir. Müqəddəs Roma İmperiyasının təsiri altında formalaşan Avropa mədəniyyəti və düşüncə tərzində katoliklərin, protestantların mövqelərinə, pravoslavlara isə münasibətə baxdıqda və bu psixologiyanı təhlil etdikdə o dövlətlər birliyinə bir müsəlman dövlətinin daxil edilməsinin mümkünsüzlüyü açıq görünür. Avropa Birliyinin ziddiyyətlərindən biri də budur. Multikultural dəyərləri davamlı olaraq təbliğ edən Avropa Birliyi açıq-aşkar şəkildə Birliyini daha çox bir xristian klubu kimi gördüklərinin hərdən mesajlarını da verdilər. Nəticədə bir tərəfdə ideal dəyərlərə, elm və incəsənət sahələrində intibahlara, bəşəri düşüncələrə sahib olan, dünya düzənində söz sahibi olmağa iddialı olan, böyük iqtisadi güc yığmağa çalışan, xalqlarının rifahı daha yüksək olan, hərbi və siyasi cəhətdən güclü olmaq istəyən Avropa, digər tərəfdə daxili çəkişmələr, fikir ayrılıqları, birlik daxilində söz sahibi olmaq uğrunda mübarizələr, öz vətəndaşlarının rifahları naminə digər dövlətləri və xalqları amansızca istismar edən, insan hüquqları dediyinə baxmayaraq ikili standartlar yürüdən, Müqəddəs Roma İmperiyasının, xüsusilə şüuraltı dini düşüncə tərzindən uzaqlaşa bilməyən, iddiaları ilə imkanları, dedikləri ilə atdığı addımları üst-üstə düşməyən, həm güclü olmağa iddialı olan, həm də gücdən qorxan bir Avropa mövcuddur. Əslində tarixi bilənlər ikinci tərəfdə olan Avropanı da görürdülər. Bilməyənlər isə indi əyani olaraq görməkdədirlər.
İSRAİL VƏ ÇİN GERİ ADDIM ATIR: TÜRKİYƏ YEGANƏ VASİTƏÇİDİR
Qeyd olunanlara sözardı olaraq. Yenidən Avropada yaranan problemlərin həlli üçün 3-cü dövlətlər hərəkətə keçdilər. Avropa heç bir məsələni həll edə bilmədi. Avropa Birliyi vaxtilə öz sıralarına daxil etmədiyi Türkiyəyə ümid bağlayır. Aylar öncə də Türkiyəni yeganə real vasitəçi kimi görmüşəm, indi də. Vasitəçilik baş tutsa da, tutmasa da bu məsələdə öndə olan yeganə dövlət olaraq (İsrail və Çin geri addım atır) qalmaqdadır. Amma çox həssas və incə dönəmdir. Bir tərəfdə Ukraynanın Qara Dənizə çıxışının bağlanması riski mövcuddur. Qara Dənizdə Rusiyadan başqa hərəkət edə bilən dövlət Türkiyədir. Hazırda Avropa buna cəsarət etməz. Digər tərəfdən Montrö anlaşmasının Türkiyəyə verdiyi bir güc, boğazlardan keçidlə bağlı söz sahibi olma haqqı mövcuddur. Yeni düzəndə Türkiyə güclü bir mövqeyə addım-addım irəliləməkdədir. Qardaş ölkənin iqtisadiyyatda yol verdiyi səhvlər, bir səhvi digər daha böyük səhvlə bağlamaq cəhdi iqtisadi sahədə, monetar siyasətdə ciddi çağırışlar formalaşdırdı. Xüsusilə, keçən ilin sonlarında atılan addımların 2023 seçkisinə hesablansa da, qlobal siyasət səhnəsində baş verəcəklərin fonunda doğru bir zamanlama olmadığını bir neçə dəfə qeyd etmişdik. Qısa müddətdə tədiyyə balansında müsbət saldo yaransa da, artan enerji qiymətləri bu saldonu yenidən ciddi bir şəkildə mənfiyə çevirdi. Monetar siyasətlə bağlı fikirlərimi öncəki yazılarımda bildirdiyim üçün təkrara yol vermirəm. Təəssüf ki, məhz iqtisadi sahədəki vəziyyət Türkiyənin əl-ayağını nisbətən bağlayan əsas risk amili olaraq qalmaqdadır. Dünyamız Asiya ölkələri, Yaxın Şərq, Avropanı əhatə edən bir düzənə doğru yoldadır. Bu yolda önəmli olan Türkiyənin daha böyük söz sahibi olacağına, yeni düzəndə daha həlledici və açar ölkələrdən birinə çevriləcəyinə şübhəm yoxdur. Zatən, düzənin görünməkdə olan konturları bunu göstərir. Yetər ki, başgicəlləndirici manevrlərin olduğu bü günkü siyasət səhnəsində Türkiyə səhvə yol verməsin və yaxud iradələrdən kənar hər hansı plansız bir hadisə baş verməsin.
Müəllif: Elman Sadıqov, iqtisadçı-ekpert