Azərbaycan Tarif (Qiymət) Şurası yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
FED.az xəbər verir ki, qərar Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov tərəfindən imzalanıb.
Qərar ilə yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiq edilib.
Məbləğlər ƏDV daxil olmamaqla qəpik/km əsasında müəyyən edilib. Belə ki, minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üçün ödəniş 8,6 qəpik/km təşkil edəcək (81,3 kilometrlik hissəsi üçün təxminən 7 manat).
İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif 10,6 qəpik/km, avtobuslar üçün isə 7,1 qəpik/km müəyyən olunub.
Ən yüksək ödəniş qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Belə nəqliyyat vasitələri, yəni 3 və daha çox oxlu qoşqulu və yarımqoşqulu avtomobillər üçün tarif 17,7 qəpik/km olacaq.
Motosikletlər üçün isə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli hissəsində gediş haqqı 4,65 qəpik/km müəyyən edilib.
Qərar Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur.
Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.
















