Strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin veriləcəyi müddət müəyyənləşib - FƏRMAN
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi, layihələrin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi, həmçinin qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılıb:
Komissiyanın sədri
Şahin Mustafayev – Baş nazirin müavini
Komissiya sədrinin müavini
Mikayıl Cabbarov - iqtisadiyyat naziri
Komissiyanın üzvləri isə maliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, energetika nazirinin müavini, ədliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Azərbaycan Mərkəzi Bankının sədr müavinidir.
Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə ediləcək.
Komissiya:
- Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə baxılmasını və seçilməsini həyata keçirməli;
- seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün Azərbaycan Nazirlər Kabinetinə təqdim etməli;
- strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin etməli;
- strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
- ildə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Azərbaycan Nazirlər Kabinetinə təqdim etməlidir.
Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna bilərlər.














