2022-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26,7 milyard manatlıq, o cümlədən 15,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 11,7 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.
Eləcə də bax: Bakıda ödənişli xidmətlərin dəyəri - 8% ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,7 faiz artmışdır.
2022-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 12,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,9 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2022-ci ilin yanvar-iyul aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,8 faiz, fərdi sahibkarlar üzrə 0,5 faiz, bazar və yarmarkalarda isə 6,9 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 379,8 manatlıq, o cümlədən 213,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 166,3 manatlıq qeyri-ərzaq malları almışdır.