İdxal olunan malların həcmi cari ilin birinci yarısında 7668,4 mln. ABŞ dolları olub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur.
Artım həm neft-qaz, həm də digər sektorlar üzrə idxal həcminin artması ilə izah edilir. İdxal olunan malların 40,2%-ni istehlak malları təşkil etmiş, bu qrup məhsulların idxalı ötən ilin müvafiq dövrünə nisbətən 19,1% artıb.
Əsas ticarət tərəfdaşlarında izlənməkdə davam edən yüksək inflyasiya da idxal həcminin artımına təsirsiz ötüşməyib Belə ki, DSK-nın açıqladığı məlumatlara əsasən, cari ilin yanvar-avqust aylarında idxal həcmi nominal ifadədə 25,7% artsa da, real ifadədə cəmi 6,9% artıb. Bu isə idxal həcmi üzrə qeydə alınan artımda qiymət artımının əhəmiyyətli rol oynadığını deməyə əsas verir.