Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 31,5 milyard manatlıq məhsul istehsal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,3 %, qeyri neft-qaz sektorunda isə 7,4 % artıb.
Sənaye məhsulunun 65 %-i mədənçıxarma sektorunda, 29,2 %-i emal sektorunda, 4,9 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 % azalıb, əmtəəlik qaz hasilatı isə 5,3 % artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 74,4 %, əczaçılıq məhsullarının istehsalı 53,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48 %, tikinti materiallarının istehsalı 35,7 %, metallurgiya sənayesi məhsullarının istehsalı 32 %, mebel istehsalı 31 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7 %, elektrik avadanlıqlarının istehsalı 18,5 %, tütün məmulatlarının istehsalı 18 %, içkilərin istehsalı 14,9 %, hazır metal məmulatlarının istehsalı 13,9 %, geyim istehsalı 8,1 %, kimya sənayesi məhsullarının istehsalı 7,8 %, qida məhsullarının istehsalı 4,6 %, kağız və karton istehsalı 4,5 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 %, neft məhsullarının istehsalı 1,9 % artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,7 %, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,2 %, poliqrafiya məhsullarının istehsalı 20,8 %, maşın və avadanlıqların istehsalı 27,5 %, sair nəqliyyat vasitələrinin istehsalı 48 %, sair sənaye məhsullarının istehsalı isə 61,2 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,2 % artıb.