Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27 milyard 251,2 milyon manatlıq, o cümlədən 15 milyard 036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 214,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az bu barədəDövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9%, qeyri-ərzaq malları üzrə 5,2% artıb.
İlin birinci yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6%-i ərzaq məhsullarının, 4,6%-i içkilər və tütün məmulatlarının, 12,9%- toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,4 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 2,1 faiz artıb. 2024-cü ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 445,7 manatlıq, o cümlədən 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları alıb.