2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 181 ölkədən idxal olunub.
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi - 3,2% ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26333,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 16776,7 milyon dollarını və ya 63,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 9556,5 milyon dollarını (36,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 7220,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalıb, real ifadədə isə 1,4 faiz artıb. İdxal real ifadədə 8,0 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.
2023-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə 14,2 faiz artaraq 2006,9 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 31,6 faizi İtaliya, 15,6 faizi Türkiyə, 8,1 faizi Rusiya, 5,3 faizi Çin, hər biri 3,2 faiz olmaqla Almaniya və Yunanıstan, 2,8 faizi İsrail, 2,6 faizi Hindistan, 2,4 faizi İspaniya, hər biri 1,9 faiz olmaqla Çexiya və Türkmənistan, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Rumıniya və Fransa, 1,3 faizi İrlandiya, hər biri 1,0 faiz olmaqla Xorvatiya, Birləşmiş Krallıq və ABŞ, 0,9 faizi İran, 11,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.