"Otellərin nikah kağızı tələb etməsi faktları əvvəllər daha çox idi".
FED.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib.
Nazir müavini bildirib ki, media nümayəndələri bu məsələyə diqqət ayırandan sonra müzakirələr başlayıb: "Nazirlik tərəfindən dəfələrlə bəyanat verilib ki, otellərin nikah kağızı tələb etməsi qanunsuz məsələdir, dünya praktikasında yoxdur, onu tələb etmək ən azı etik baxımdan doğru deyil. Düzdür, indi də bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər kimsə bu faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilər".
N. Səmədov əlavə edib ki, otelin nikah kağızı tələb etməsi hər hansı işçinin özbaşınalığı da ola bilər: "Nazirlik müdaxilə edir, sahibkarlarla ünsiyyətdə oluruq, onlara başa salınır ki, bu sahədə otel sahibi özünü necə aparmalıdır. Bəzən otellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Hətta bəlkə bu, konkret işçinin özbaşınalığı da ola bilər".