Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə xidmətlərinin çatdırılması kanallarının inkişaf etdirilməsi, o cümlədən maliyyə xidməti istehlakçılarına daha əlverişli nağdsız ödəniş imkanının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
Palatadan FED.az-a bildirilib ki, görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı artıq təmin edilmişdir.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədilə cari ilin avqust ayında Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu İşçi Qrupu yaradılmışdır.
Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilmişdir. Eyni zamanda 1 saylı Bakı “ASAN xidmət” mərkəzində quraşdırılmış “ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.
Qeyd olunmalıdır ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanı təmin ediləcəkdir.
“ASAN xidmət”də nağdsız ödənişlərə imkan yaradılıb
09:34
9 Okt 2017