Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.
Məcburi işburaxma dövrü üçün - Əməkhaqqı Məbləğinin Hesablanması
FED.az xəbər verir ki, mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov nümunələr əsasında şərh edir.
Misal: “A” müəssisəsində mütəxəssis vəzifəsində çalışan işçi 18.01.2023-ci il tarixdə vəfat edib. Ölüm halını təsdiq edən ölüm haqqında şəhadətnamə 15.02.2023-ci il tarixdə müəssisəyə təqdim edilib. İşçinin əmək müqaviləsinə hansı sənədlər əsasında, nə vaxt xitam verməli və onun vərəsələrinə nə qədər ödəniş edilməlidir?
Fərz edək ki, işçinin orta aylıq əməkhaqqı məbləği 700 manatdır. İşçi son ilin 20 günlük məzuniyyət hüququndan istifadə etməyıb.
İlk öncə qeyd edək ki, orta əməkhaqqının hesablanması qaydasına görə, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Bu halda vəfat edənin vərəsələrinə 2100 manat müavinət ödənilməlidir:
700 x 3 = 2100 manat.
Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmak Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənin hüquqi əsası olmalıdır. Əsas olmadan əmək müqaviləsinə xitam verilə bilməz. Bu halda isə əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas ölüm haqqında şahədətnamədir. İşçinin əmək müqaviləsinə ölüm haqqında şahədətnamə müəssisəyə təqdim edildikdən sonra işəgötürənin müvafiq əmrinə əsasən xitam veriləcək və ölüm haqqında şəhadətnamə isə əsas kimi əmrə tikiləcək.
Deməli, nümunədəki vəziyyətə görə əmək müqaviləsinə 15.02.2023-ci il tarixdə xitam veriləcək. 18 yanvardan 15 fevrala qədər olan dövr uçün işçiyə əməkhaqqı hesablanmayacaq. Vəfat edən şəxsin vərəsələrinə orta aylıq əməkhaqqının üç misli miqdarına müavinətlə yanaşı aşağıdakı ödənişlər də ödəniləcəkdir:
- İstifadə edilməmiş 20 günlük məzuniyyətin kompensasiyası;
- Fevralın 15-dək işlənmiş iş günlərinə görə əməkhaqqı;
Əmək Məcəlləsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir. Təcrübədə əsas sual doğuran məqam, vəfat ilə bağlı müavinətin kimə ödənilməsidir. Mülki Məcəllənin 1133-cü maddəsinin 1-ci bəndinə əsasən, ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
Əmlak və digər bu kimi hallarda mirasdan fərqli olaraq, işləyən şəxs adətən vəsiyyət etmir. Buna görə də vəfat halında vəfat edənin qanuni vərəsələrinə ödənilən müavinət qanun üzrə vərəsəlik üzrə tətbiq edilir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
- Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
- İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payına bərabər olaraq miras alırlar.
- Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
- Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
- Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu şonrakı növbənin vərəsəliyini istisna edir.
Yuxarıdakı ardıcıllıq əsasında vəfat edənin vərəsələri müəyyən olunur və ölüm haqqında şəhadətnamə əsasında vəfat etmiş işçinin ailəsinə və ya qohumlarına müavinət ödənilir və vəfat etmiş işçinin əmək kitabçası onun ailə üzvlərinə verilir və ya onların tələbi ilə poçtla göndərilir.
Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir. (vergiler.az)