Azərbaycan prezidentinin cəzaların humanistləşdirilməsinə dair Cinayət Məcəlləsinə təklif etdiyi əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
FED.az-ın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihədə yeni cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasının tətbiq olunması, bəzi cəza növləri üzrə azadlıqdan məhrumetmənin maliyyə sanksiyaları ilə əvəzlənməsiylə birlikdə 300-dən çox dəyişiklik, o cümlədən 34 cinayət üzrə cəzanın müddətinin azaldılması təklif edilir.
Deputat Qüdrət Həsənquliyev bildirib ki, layihənin ictimai müzakirəsi keçirilib, amma burada bəzi məsələlər onu narahat edir: “Cəzanı humanistləşdirmək adı ilə Məcəllədə külli miqdarda əmlakın oğurluq yolu ilə əldə edilməsi cəzası 18 ilə çatdırılır. Ömürlük həbs cəzası çəkən insanlar var. Onların çoxu insan öldürdüyü üçün cəzaya məhkum olunublar. Əvvəlki Məcəllədə bu şəxslərin cəzasının çəkilməmiş hissəsi 15 illə əvəzlənə bilərdi. İndiki isə məhkumun son 5 ildə özünü yaxşı aparsa, çəkilməyən cəzasının müddəti 10 illə əvəzlənməsi nəzərdə tutulur. Və yaxud hakimiyyət nümayəndəsinə zorakılıq tətbiqetmə sanksiyasının yuxarı həddi 7 ildir. Zorlama cinayəti 4-8, azyaşlı ların zorlanması isə 10-15 il cəzalandırılır. Bu yaxınlarda azyaşlı insan zorlanmışdı və cəmiyyət tələb edirdi ki, həmin şəxs haqqında ölüm hökmü çıxarılsın. Qanun layihəsini hazırlayanlar sanki varlı insanların maraqlarını müdafiə ediblər. Belə mənzərə yaranır ki, varlı imkanların əmlakı insan sağlamlığından daha dəyərlidir”.
Deputat Əli Məsimli bildirib ki, kredit borcu olan vətəndaşların cəzasının artırılması məsələni həll etməyəcək: “Burada cəzanın 3 ildən 4 ilə qaldırılması və ya 1 ilə endirilməsi təsirli olmayacaq. Çünki kredit borcu olanlar borclarını çoxdan ödəyiblər. Məhkəmələrin onlara qarşı müəyyən etdiyi cəza almadıqları borclarına görədir. Bu məbləğ elədir ki, vətəndaşların onu qaytarması mümkün deyil. Bir məhkumun bir günlük xərci 22 manat, 1 ayda 660 manatdır. Bu da orta aylıq əmək haqqından 1.3, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdəki orta aylıq əmək haqqından 2.5 dəfə çoxdur. Bu vəsaiti ipotekaya yönləndirə bilərik”.
Birinci viste-spiker Ziyafət Əsgərov isə bildirib ki, bu layihə Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, cəzaların humanistləşdirilməsini nəzərdə tutur.
Layihə səsə qoyularaq qəbul olunub (apa.az).