Batumi şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.
APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.
Görüşün yekunlarına dair birgə protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan müdafiə naziri Levan İzoria Mançester şəhərində törədilmiş terror zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.
Türkiyə müdafiə naziri Fikri İşık da ölkəsinin terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə Mançesterdə baş vermiş terroru qətiyyətlə pisləyib və bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe tutur. O qeyd edib ki, terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sabitliyin pozulmasına, beynəlxalq əməkdaşlığa, sülhə təhdiddir. Nazirin sözlərinə görə, bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.
Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.