AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya (ETP) dünya standartlarına cavab verən yeni nəsil insansız uçan aparatların (pilotsuz) istehsalı işini təkmilləşdirib.
Akademiyadan Trend-ə verilən məlumata görə, ilk modeller və uçuş aparatları artıq hazırdır. Dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.
Multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında təlim dərslərinin keçirilməsinə başlanılıb.
ETP-nin istehsal etdiyi dronların sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərə ilk növbədə AMEA institutlarının əməkdaşları qatılıblar. ETP-nin istehsal etdiyi dronlar akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə ediləcək.
Dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları) və müşahidə - (Zoologiya institutunda heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər.
Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.
2016-cı ildən fəaliyyətə başlayan AMEA Elm və Texnologiya Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.