Azərbaycan Respublikası 2013-cü ilin fevral ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv olub. 2015-ci ildə Azərbaycan üzrə qiymətləndirmənin 1-ci mərhələsinə yekun vurulub və ölkəmiz növbəti mərhələyə keçib. 2016-cı ildə isə 2-ci mərhələ zərzivəsində mart ayının 9-11-də qiymətləndiricilər Bakıda səfərdə olublar.
Bu prosesin davamı olaraq, bu günlərdə Fransanın paytaxtı Paris şəhərində OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun Qiymətləndirmə Qrupunun 24-cü iclası keçirilib. Azərbaycan üzrə ölkə hesabatının müzakirə olunduğu tədbirdə Vergilər Nazirliyini Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə, həmin Baş İdarənin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Yusifov və Maliyyə institutlarında vergi monitorinqi idarəsinin rəis müavini Vüsal Şıxəliyev, Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin şöbə rəisi Nigar Alimovadan ibarət nümayəndə heyəti təmsil edib. Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilərin iştirakı ilə həyata keçirilib və hesabat təsdiq edilib.
Qeyd edək ki, ölkə hesabatı oktyabr ayının sonlarında Qlobal Forum tərəfindən nəşr olunacaq.
Qlobal Forum Azərbaycanın hesabatını təsdiq etdi
12:57
19 Okt 2016