İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov müsahibə verib. FED.az sizə həmin müsahibəni təqdim edir:
- İSB 2018-ci ili necə başa vurub? Maliyyə göstəriciləriniz necədir? Büronun investisiya siyasətində dəyişiklik olubmu?
- 2018-ci ildə 7,8 mln. manat təqvim haqları toplanılıb, təqribən 1,2 mln. manat da investisiya gəlirləri əldə edilib. İnvestisiya gəlirləri dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızları, banklarda olan depozitlər hesabına əldə edilib.
Xərclər dedikdə, Büronun saxlanılması, kompensasiya ödənişləri, informasiya sisteminin saxlanılması, Yaşıl Kart və katastrofik risklərlə əlaqədar təkrarsığorta və digər xərclər nəzərdə tutulur.
Büronun 2017-ci il ilə müqayisədə qarantiya fondu təqribən 4 mln. manata yaxın artım göstərib. Hazırda cəmi vəsaitlər 34 mln. manat civarındadır. Bu vəsaitlərin təqribən 10 mln. manatı - 5 mln. avro Yaşıl Kart sisteminə üzvlüyümüzlə əlaqədar Beynəlxaq Bürolar Şurasının tələbi ilə Avropa banklarında depozit/qarantiya olaraq yerləşdirilmişdir. Qalan vəsaitlər isə Azərbaycan banklarında, dövlət qiymətli kağızları və qeyri-dövlət qiymətli kağızlarında diversifikasiya edilib.
Büronun investisiya siyasətində dəyişikliklərə gəlincə, daxili qaydalarımıza görə maliyyə sabitliyinə nəzarətin gücləndirilməsi məqsədilə bir bankda ümumi investisiya portfelinin 25%-dən çoxunu saxlamamız yolverilməzdir. Burada tək istisna dövlət qiymətli kağızlarıdır.
Eləcə də bax: Sığorta haqlarının 77%-i 5 şirkətin payına düşür - SİYAHI
- Məlumdur ki, icbari sığorta növlərinə münasibətdə rəhbərlik etdiyiniz təşkilat eyni zamanda qarantiya fondudur. Bu baxımdan maliyyə sabitliyinizi necə qiymətləndirirsiniz?
2018-ci ildə iflas edən hər hansı sığorta şirkəti yoxdur, əgər iflas halı olsa sığorta şirkətinin icbari sığorta müqavilələri üzrə ortaya çıxacaq öhdəliklərini Büro ödəməlidir. Son ildə cəmi ödənilmiş təzminatların təqribən 60 mln. manat civarında olduğunu nəzərə alsaq, mövcüd vəsaitlərimizin cəmi onu göstərir ki, hətta Azərbaycanda sığorta şirkətlərinin 50%-i belə iflas eləsə borclarını rahat şəkildə İSB ödəyə bilər. Bu, icbari sığortaya münasibətdə çox güclü maliyyə dayanıqlığının olduğunu göstərir.
Digər tərəfdən, kompensasiya ödəmələri ilə əlaqədar olaraq da İSB qanunverciliklə məsuliyyət daşıyır. Belə ki, sığortasız və ya naməlum nəqliyyat vasitəsinin səbəb olduğu yol nəqliyyat hadisəsi nəticəsində ölüm və ya bədən xəsarəti halı ortaya çıxarsa bir fiziki şəxs üzrə 5 min manata qədər kompensasiya ödənişi həyata keçiririk. Bu çərçivədə ötən il təqribən 650 min manat kompensasiya ödənişləri həyata keçirilib. Ümumilikdə kompensasiya ödənişləri barəsində azalan tendensiyanın şahidi oluruq. Çünki sığortalılıq artır, şübhəsiz ki, kompensasiya ödənişləri də buna bağlı olaraq azalmaqdadır.
- “Diqlas” ticarət mərkəzində baş verən yanğın sığorta sahəsində bir sıra problemləri ortaya çıxardı. Niyə insanlar əmlaklarını sığortalamırlar? Problemin kökündə dayanan nədir?
- Azərbaycanda 2011-ci ildə “İcbari Sığortalar haqqında” Qanun qəbul edilib. Qanuna əsasən, istər əmlakın icbari sığortası olsun, istər əmlakın istimarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası olsun – məcburidir. Lakin insanlar risklərinə biganə yanaşırlar. Bu hadisədə də buna şahid olduq.
Hadisədə meydana gələn itkinin önəmli bir hissəsi də sahibkarlara məxsus olan mallarla əlaqədar idi. Bildiyimiz kimi malların sığortalanması icbari sığorta ilə əlaqədar olan qanunvericilikdə nəzərdə tutulmamışdır, burada mallar könüllü əmlak sığortası ilə təminat altına alınmalı idi. Təminat olmadığı üçün cənab Prezidentin qərarı ilə zərər büdcə vəsaitləri hesabına ödənilmiş oldu.
Təcrübəmizə nəzər salsaq görə bilərik ki, nəqliyyat vasitələrinin sığortalanması ilə əlaqədar olaraq bənzər problem nəzarət mexanizmlərinin avtomatlaşdırılması və gücləndirilməsi ilə aradan qaldırıldı. Bugün artıq sığortasız avtomobillərin sayı cüzi miqdardadır. Daşınmaz əmlaka münasibətdə də elektronlaşmanın həyata keçirilməsi ilə problem önəmli ölçüdə həll edilmiş olacaq. Ancaq, bu da məsələnin tam həlli deyil. “Diqlas” hadisəsində qeyd etdiyim kimi önəmli ölçüdə könüllü sığorta növü ilə təminat altında olmalı mallara zərər dəyib. Deməli, insanların könüllü növlərlə təminat almalarını təmin etmək lazimdır. Bunun üçün aramsız təbliğat və təşviqat işləri aparılmalıdır. Burada ictimai təşkilatlar və xüsusilə də sığorta şirkətləri və vasitəçiləri çalışmalar həyata keçirməlidirlər. Təbliğat və təşviqat çalışmalarının nəticə verməsi üçün bu işləri uzun illər müəyyən edilmiş program çərçivəsində həyata keçirmək lazımdır. Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb. Sığorta mədəniyyətinin cəmiyyətdə formalaşması uzun illər davam etdiriləcək bu çalışma ilə mümkün ola bilər. Təbliğatı isə ailələrdən tutmuş dövlətin bütün qurumlarına kimi aparmalıdır. Yəni hər kəs öz üzərinə düşəni etməldir.
Bir az əvvəl qeyd etdiyim kimi, sığorta şirkətləri və vasitəçiləri bu çalışmanın önəmli hissələridir. Xüsusilə könüllü növlərin potensiyal müştərilərə qarşılıqlı izah edilməsi lazımdır. Ehtiyacın doğru təsbit edilməsi və lazım olan məhsulun satışını həyata keçirmək lazımdır. Bu gün sığorta şirkətlərinin vasitəçiləri demək olar ki, yalnız avtoməsuliyyətin icbari sığortasını satmaqla məşğuldurlar. Bu sığorta növünü satmaq üçün nə xüsusi savada, nə də xüsusi bacarığa malik olmaq lazım deyil, bu növlər onsuzda qanunla müəyyən edilmiş çərçivədə təqdim edilir, yəni söhbət xüsusi bacarıqla dizayn edilən sığorta müqavilələrindən getmir. İnkişaf etmiş bir çox ölkələrdə bu sığorta növləri yalnız elektron sistemlərin yardımı ilə avtomatik rejimdə alınır. Bizdə isə vasitəçilər xüsusilə bu növü fiziki təmasla satmağa fokuslanıblar, digər könüllü növlər isə kənarda qalıb. Halbuki dünyada əldə edilən sığorta haqlarının daha önəmli hissəsi könüllü sığortalardan əldə edilir. İcbari sığorta növləri adətən, dünyada zərərli sığorta növləridir. Amma bizdə sığorta şirkətləri və vasitəçiləri yalnız icbari sığorta növlərinin arxasınca qaçırlar. Könüllü sığorta şəhadətnamələri xüsusi dizayn edilən təminat növləridir. Bilik, təcrübə lazımdır. Hansı müştərinin, hansı növ sığortaya ehtiyacının olduğunu sığorta agenti təsbit etməlidir və qarşı tərəfi buna inandırmalıdır. İçində 20-30 min manat dəyərində ərzaq malları olan bir mağazanın sahibkarı illik 100-150 manat sığorta haqqı ödəməklə özünü iqtisadi fəlakətdən qoruya bilər. İnanıram ki, sığorta vasitəçilərinin bunu fərdi qaydada sahibkarlara izah etmələri lazımdır.
Digər sevindirici hal budur ki, 2011-ci ildən əvvəl insanlar icbari avtoməsuliyyət sığortasını Dövlət Yol Polisinə sənədi göstərmək üçün alırdılar. Artıq vəziyyət dəyişib. 2011-ci ildən bu günə kimi hər il onminlərlə insan sığorta hadisəsi səbəbilə sığorta şirkətləri ilə yaxın təmasda olublar. Bu dövrdə 100 mindən çox vətəndaş baş vermiş hadisə ilə əlaqədar sığorta ödənişi alıb. Yalnız 2018-ci ildə sığorta şirkətləri avtoməsuliyyət sığortası növü üzrə 50 mln. manatdan çox sığorta ödənişi həyata keçirib. Bu səbəblə artıq vətəndaşlar sığorta təminatını təhlükədən qorunmaq məqsədilə almaqdadır.
Sığorta şirkətlərinin “mətbəx” hissəsi insanlara izah edilməlidir. Yəni, insanlar 100 mln. manatlıq ticarət obyektinin 10 mln. manat kapitalı olan sığorta şirkəti tərəfindən sığortalamasını heyrətlə qarşılamamalıdırlar. Bunun cavabını sığorta şirkəti verməlidir ki, insanlar 100 mln. manatlıq əmlakını 10 mln. manatlıq şirkətə əmanət edə bilsinlər. Bu sualın cavabı peşəkarca izah edilməlidir. İnsanların beyinlərində gələcəklə əlaqədar qaranlıq məqamlar olmamalıdır ki, rahat bir şəkildə gələcəklərini sarsıda biləcək risklərini sığorta şirkətlərinə əmanət edə bilsinlər.
Fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortalanması ilə əlaqədar olaraq da vəziyyət qənaətbəxş səviyyədə deyil. Təxmini hesablamalara görə icbari əmlak və əmlakın istismarı ilə əlaqədar məsuliyyət sığortası ilə bağlı potensial sığorta haqqı 250 -300 mln manatdır. 2018-ci ildə bu növlər üzrə toplanan sığorta haqlarının cəmi isə 30 mln manata yaxındır. Bu statistika sektorda potensialın çox böyük olduğunu açıq bir şəkildə ortaya qoymaqdadır. Deməli sığortalı olmalı 10 nəfərdən yalnız 1-nin sığortası var. Vəziyyət belə olduğu halda sığorta vasitəçilərinin bu fürsəti dəyərləndirmələri sığorta şirkətlərinə və cəmiyyətə önəmli fayda verəcək. Bu növlər üzrə ödənilmiş sığorta ödənişlərinin həcminə nəzər salsaq görürük ki, toplanmış sığorta haqlarının təqribən 10%-i ödənişlərə gedib. Katastrofik riskləri nəzərə almasaq bu dünyada normal qarşılanan statistik nəticədir. Katastrofik risklər onsuzda təkrarsığorta programları ilə qorunan risklərdir. Yəni burada mənfəət də yetərincə yüksəkdir.
Bakıda 25 min manat illik təminat alınması üçün ödənilməli sığorta haqqı yalnız 50 manatdır. Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat təminat üçün 40 manat sığorta haqqı ödənilməsi qanunla nəzərdə tutulub. Digər yerlərdə isə 15 min manatlıq təminat qarşılığında yalnız 30 manat ödənilməlidir. Bu qədər kiçik məbləğlərin ödənilməsi ilə təbii fəlakətlər, yanğın və digər risklərdən qorunmuş oluruq. Qeyd etdiklərim vətəndaşlarımızın qanunlarımızla qorunan haqlarıdır. Azərbaycanda “İcbari Sığortalar haqqında” qəbul edilmiş qanun digər bir çox ölkələrdən daha humanist prinsiplərlə qəbul edilmişdir. Hətta sığorta şirkətlərinin əleyhinə, sığortalıların isə lehinə vəziyyət vardır. Qanunda təbii fəlakətlərlə yanaşı yanğın, partlayış riski, 3-cü şəxsin qərəzli hərəkətləri, su basması və digər risklər də təminat daxilindədir. Məsələn, Türkiyədə yalnız təbii fəlakətlər məcburi sığorta çərçivəsindədir. Təminatın bu qədər geniş olması sosial dövlət olduğumuzun göstəricisidir.
Gördüyünüz kimi, icbari sığorta məhsulları olduqca əlçatan və sərfəlidir. Bundan faydalanmaq böyük katastrofik hadisələrdə dövlət büdcəsindən açıqların əmələ gəlməsinin də qarşısına keçəcəkdir. Bu gün danışdığımız yanğın hadisəsi bir neçə milyonluq zərərin ortaya çıxmasına səbəb oldu, lakin, sabah meydana gələcək bir zəlzələnin hansı fəsadlara səbəb olacağını təxmin etmək, bu haqda düşünmək belə qorxuncdur.
Türkiyədə 1999-cu ildə baş vermiş Mərmərə zəlzələsində onminlərlə insan həlak oldu, iqtisadiyyat 15-20 mlrd. dollar zərərlə qarşılaşdı. Yalnız bu fəlakətdən sonra Türkiyədə DASK (Doğal Afet Sigorta Kurumu) quruldu, nəzarət mexanizmləri gücləndirildi, risk hovuzu çalışmaya başladı. Bu hadisədən bizim almağımız lazım olan dərslər var. Türkiyədəki o dövrdən fərqli olaraq bizdə əlaqədar Qanun olduqca humanist prinsiplərlə qəbul edilib və vətəndaşı yetərincə qorumaqdadır. Nəzarət mexanizmlərinin yetərincə güclü bir şəkildə tətbiq edilməsi lazımdır. Belə ki, İnzibati Xətalar Məcəlləsində Qanunun icra olunmaması ilə əlaqədar cərimlər nəzərdə tutulub. Cərimə məbləğlərinin yenidən gözdən keçirilməsi və sığorta növlərinin tətbiqinə nəzarət edən orqanların görülən tədbirləri intensivləşdirmələrinə ehtiyac var.
- Bəzi sığorta növlərinin, o cümlədən səyahət sığortasının icbari olması barədə təkliflər səslənirdi. Bundan başqa, bəzi ölkələrdə həkimlər, auditorlar üçün icbari sığorta növləri mövcuddur. Bu istiqamətdə hər hansı yenilik gözlənilirmi?
- Maliyyə Bazarlarına Nəzarət Palatasının bir neçə istiqamətdə icbari sığorta məhsulunun əmələ gətirilməsi ilə əlaqədar layihələri var. Bunlardan biri həkimlərin peşə məsuliyyətidir. Burada nəzərdə tutulan təminat həkim səhvindən ölüm və ya digər zərər ortaya çıxarsa müvafiq qaydada sığorta şirkətinin təzminatı ödəməsidir.
Digər bir növ isə inşaatda baş verən hadisələr nəticəsində 3-cü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurulması ilə əlaqədar məsuliyyətin sığortalanmasıdır.
Bunlardan başqa layihə halında olan digər növlərdə var. Lakin bugün daha çox üzərində çalışılan mövzu mövcud icbari sığorta növləri üzrə müvafiq inteqrasiyaları həyata keçirmək və bu növlər üzrə sığortalıların sayını yetərli səviyyəyə çatdırmaqdır.
- Azərbaycan hansı ölkələrlə Yaşıl Kart sistemi çərçivəsində əməkdaşlıq edir? Ötən il bu sistem çərçivəsində nə qədər sığorta haqqı toplanıb və ödəniş həyata keçirilib?
- Yaşıl Kart sisteminin hazırda ölkəmiz daxil olmaqla 47 üzvü var. Sistemə 2016-cı ildə daxil olmuşuq və ən son qoşulmuş ölkə bizik. İSB qurumda Azərbaycanı təmsil etməkdədir. Hazırda yeni üzv olaraq fəaliyyətimiz monitoring altındadır.
Quruma üzv olan ölkələrdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələri bu ölkələrdə törətdikləri qəzalarda qarşılıqlı olaraq üçüncü şəxslər qarşısında məsuliyyət sığortası şəhadətnamələrini (Green Card Policy) saziş çərçivəsində tanıyırlar və yerli bürolar hadisə ilə əlaqədar zərərin ödənişi daxil olmaqla bütün işləri yerinə yetirir. Misal üçün, Almaniyaya öz nəqliyyat vasitəsi ilə səyahət edən bir Azərbaycan vətəndaşı o ölkə ərazisində qarşı tərəfin əmlakına və ya sağlamlığına zərər vurarsa bu halda Alman qanunlarına görə müəyyən edilmiş icbari sığorta təminatı limitləri çərçivəsində Alman Bürosu hadisənin ödənişini həyata keçirməkdədir. Əlbətdə, bu misalın əksi də doğrudur: Azərbaycanda qarşı tərəfin sağlamlığına və ya əmlakına zərər vermiş bir alman sürücünün də əmələ gəlmiş məsuliyyətini İSB ödəyir. Prosesin sonunda ölkə büroları qarşılıqlı hesablaşmalarını həyata keçirirlər.
Yaşıl Kart sistemi çərçivəsində 2017-ci ildə 34 500 ədəd nəqliyyat vasitələrinin sahibləri avtoməsuliyyət sığorta müqavilələri alıb və 2 mln. 150 min manat sığorta haqqı toplanılıb. Hadisələr üzrə cəmi verilmiş sığorta ödənişləri isə qeyd olunan dövrdə 300 min manat təşkil edib. Beləliklə, yığılan sığorta haqqının 14%-i həcmində sığorta ödənişi həyata keçirilib. 2018-ci ildə cəmi 42 min nəqliyyat vasitəsi Yaşıl Kartla təmin edilib və 2,5 mln. manat sığorta haqqı toplanılıb, sığorta ödənişlərinin həcmi isə 800 min manata çatıb. Sığortalı avtomobillərin sayında 14%, ödənişlərdə isə 3 dəfə artım müşahidə olunmaqdadır.
Gürcüstan xaricində ölkəmizlə quru sərhəddə malik olan bütün dövlətlər Yaşıl Kart sisteminə daxildirlər. Əgər vətəndaşımız bu ölkələrdən birinə gedərkən Yaşıl Kart təmin etmədən yola çıxarsa Dövlət Gömrük Komitəsiəlaqədar şəxsə ölkəni tərk etməyə icazə verməməyə səlahiyyətlidir. Belə ki, bu növ ilə bağlı nəzarətin həyata keçirilməsi vəzifəsi komitəyə məxsusdur.
2018-ci ildə Azərbaycanda sığortalı olub xarici ölkələrə gedən avtomobillər 213 hadisə törədib. Bu hadisələrdən 141-i Rusiyada, 67-si Türkiyədə, 2-si Ukraynada, 2-si Almaniyada və 1-i Çexiyada baş verib. Xaricdə baş verən sığorta hadisələri üzrə cəmi sığorta ödənişi 811 762 manat təşkil edib. Ödənişlərin 468 076 manatı Rusiya, 330 369 manatı Türkiyə, 8 905 manatı Almaniya, 2 216 manatı Ukrayna, 2 196 manatı Çexiyada baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Xaricdən Azərbaycana gələn Yaşıl Kart təminatı olan avtomobillər isə cəmi 43 hadisə törədib. Sığorta hadisələrinin 16-ı Rusiya, 15-i Ukrayna, 8-i Türkiyə və 4 hadisə isə digər xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə bağlı olub.
Cəmi 75 124 manat, o cümlədən Rusiya üzrə 29 534 manat, Ukrayna üzrə 27 151 manat, Türkiyə üzrə 12 719 manat, digər ölkələr üzrə isə 5 720 manat sığorta ödənişləri həyata keçirilib.
- İSB yaxın gələcəkdə hansı yenilikləri həyata keçirməyi planlaşdırır?
- Hazırda İSB-də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünün elektronlaşması layihəsi tamamlanmış və test mərhələsindədir. Bir neçə gün ərzində artıq layihə tamamlanıb, sığorta şirkətlərinin və sığorta etdirənlərin istifadəsinə veriləcək.
Layihənin reallaşması ilə bağlanılan sığorta müqavilələrinə dair malumatlara real vaxt rejimində nəzarət etmək mümkün olacaqdır. Həmçinin, layihə çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İSB-nin informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması işçilərin sığortalanması ilə bağlı nəzarəti avtomatlaşdıracaq, bu isə öz növbəsində penetrasiyanın 100%-ə yaxınlaşmasına səbəb olacaq.
Büronun bu ay istifadəyə veriləcək layihələrindən biri də “Hadisələrin İdarəedilməsi Sistemi”dir. Bu layihə icbari sığorta növləri üzrə sığorta tələblərinin vahid informasiya sistemi üzərindən qeydiyyatının aparılmasını nəzərdə tutur. Əsas məqsəd sığorta ödənişlərinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsidir. Belə ki, sistem üzərindən qeydiyyata alınan sığorta tələbləri üzrə ödənişlər avtomatik yaradılan unikal ödəniş kodları vasitəsilə həyata keçiriləcəkdir. Nəticə etibari ilə müvafiq nəzarətedici orqan istənilən vaxt sistemə daxil olaraq sığorta ödənişlərin tənzimlənməsi prosesi barədə məlumat əldə edə biləcəkdir. Müştərilərin şikayətlərinin olması halında nəzarət orqanı sığorta şirkətlərindən müvafiq sənədlərin istənilməsi üçün zaman itirməyəcək, sistemdən istifadə sayəsində dəyərləndirmə sürətlə həyata keçiriləcək və bu da ölkəmizdə sığortalıların məmnuniyyətinin artmasına xidmət edəcək.
Bundan başqa, sığorta tələblərinin bütün sığorta şirkətləri tərəfindən vahid sistemə daxil edilməsi Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə Bonus-Malus əmsallarının daha dəqiq hesablanmasına səbəb olacaq.
Sistemin digər bir özəlliyi - mobil tətbiqinin olmasıdır. Bu funksiya vasitəsilə sığorta şirkətlərinin əməkdaşları sığorta tələbinin qeydiyyatı prosesinə hadisə yerindən başlaya biləcəklər ki, bu da işin daha sürətli icra edilməsini təmin edəcəkdir. Həmçinin, bu layihənin reallaşması ilə hər bir istifadəçi sistemdəki şəxsi kabineti vasitəsilə sığorta hadisəsinin tənzimlənməsi prosesini izləyə biləcək.
Yeni layihələrdən biri də sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışın (Forma-4) əldə edilməsinin avtomatlaşdırılması ilə bağlıdır. İcbari sığorta ödənişinin həyata keçirilməsi üçün tələb olunan sənədlərdən biri olan Forma 4 - ün elektronlaşdırılması sığorta ödənişlərinin verilməsi prosesinin təkmilləşdirilməsi ilə birlikdə, əlavə vaxt itkisinin də qarşısını almış olacaq.
Son olaraq qeyd edim ki, Büro əhalinin maarifləndirilməsi istiqamətində işlərini davam etdirir. Bu yaxınlarda növbəti maarifləndirici videoçarxı izləyicilərə təqdim olunacaq.