Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin ilk 9 ayı üçün sığorta bazarının maliyyə nəticələrini açıqlayıb.
FED.az MBNP-a əsasən xəbər verir ki, hesabat dövrü ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə sığorta yığımları 20,6 milyon manat, sığorta ödənişləri isə 6,6 milyon manat olub. Bu göstərici üzrə 2017-ci ilin ilk 9 ayında sığorta yığımları 16,9 milyon manat, sığorta ödənişləri isə 8,4 milyon manat təşkil edib.
Bu da onu göstərir ki, hesabat dövründə sığorta yığımları 21,71% artıb, sığorta ödənişləri isə 21,72% azalıb. Başqa sözlə, 2017-ci ilin ilk 9 ayında avtomobillərin sığortası üzrə yığılan hər 100 manata görə 49 manat ödəniş edildiyi halda, 2018-ci ilin ilk 9 ayında yığılan 100 manata görə 32 manat ödəniş olunub.
Avtomobillərin icbari sığortasında isə artım var. Belə ki, 2018-ci ilin ilk 9 ayında icbari sığortadan yığımlar 0,94% artaraq 72,6 milyon manata çatıb, ödənişlər isə 19,89% artaraq 38 mln 303 min manat olub.
Başqa sözlə, icbari sığortada yığılan 100 manat sığorta haqqı qarşısında 52,8 manat ödəniş edilib. Ötən il isə bu göstərici 44,4 manat olmuşdu.
Qeyd edək ki, avtomobillərin icbari sığortası (avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası) Azərbaycanda ən geniş yayılmış sığorta növlərindən biridir.
Əhalinin geniş təbəqəsini (bütün avtomobil sahiblərini) əhatə etməklə yanaşı, bu sığorta həm də sığorta agentlərinin ən çox aktivlik göstərdiyi və ən çox qazanc əldə etdiyi sahədir.