Artıq vətəndaşlar sığorta şirkətləri ilə elektron qaydada bağladıqları avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) müqavilələrinə dair çıxarışları yeni məzmunda ala biləcək. Belə ki, martın sonundan etibarən İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri elektron sənəd formasında bağlanılan AVSMMİS müqavilələrinə dair sığortalılara kağız daşıyıcıda təqdim etdikləri çıxarışın məzmununu yeniləyib. Yeniliyə əsasən, sığortalılar AVSMMİS üzrə elektron müqavilənin sistemdə qeydiyyat statusundan asılı olaraq sığorta şirkətindən aşağıdakı məzmunlarda çıxarış ala bilər: çıxarışda müqavilə üzrə müəyyən edilmiş sığorta haqqı ödənildiyi halda müqavilənin qüvvədə olması, əks halda isə müqavilənin qüvvəyə minməməsinə dair qeyd olacaq. Həmçinin müqaviləyə xitam verilibsə, müvafiq qeyd çıxarışda əksini tapacaq.
Sözügedən çıxarışlar nə üçündür
Məlum olduğu kimi, AVSMMİS müqavilələrinin bağlanması prosesi ötən ilin 1 noyabr tarixindən etibarən tamamilə elektronlaşdırılmışdır. Həmin tarixdən etibarən bağlanılan bütün elektron müqavilələr Büronun mərkəzi informasiya sistemində saxlanılır. Bununla yanaşı, sığortalılara sistemdə qeydiyyatda olan öz icbari sığorta müqavilələrinə dair məlumatlarla tanış olmaq məqsədilə həmin məlumatları özündə əks etdirən çıxarışlar əldə etmək imkanı yaradılmışdır. Bu məqsədlə Büronun iştirakçıları olan sığorta şirkətləri ilə birgə vahid standartlar əsasında bu çıxarışların müvafiq çap formaları hazırlanmış və bu formaların sığorta şirkətləri tərəfindən onların müştəriləri olan sığortalılara təqdim edilməsi mexanizmi təmin olunmuşdur. Hər bir sığortalı vətəndaş öz sığortaçısına müraciət edərək sahib olduğu icbari sığorta müqaviləsinə dair məlumatları özündə əks etdirən çıxarışı əldə etmək hüququna malikdir.
Çıxarışda hansı məlumatlar əks olunur
AVSMMİS müqaviləsinə dair çıxarışda müqavilənin Büronun informasiya sistemində qeydiyyat statusundan asılı olaraq qüvvədə olması, qüvvəyə minməməsi və ya xitam olunmasına dair qeydlər əks olunur. Çıxarışı əldə etməklə sığortalı şəxs öz icbari sığorta müqaviləsinin qüvvəyə minmə və qüvvədən düşmə tarixlərini, sığorta təminatının müddətini və sığorta məbləğini, müqavilənin qüvvədə olmadığı hallarda bunun üçün tələb olunan ödəniş kodunu və ödənilməli olan sığorta haqqının məbləğini, müqavilənin predmeti olan avtonəqliyyat vasitəsinə dair məlumatları, habelə müqaviləni bağladığı sığortaçıya, onun nümayəndəsinə və ya sığorta vasitəçisinə aid məlumatları öyrənə bilər. Bundan əlavə, çıxarışda olan xüsusi QR kodları smartfonun köməyilə emal edərək sığorta şirkətinin sistemində olan müvafiq icbari sığorta müqaviləsini elektron sənəd halında yükləmək və tanış olmaq, eləcə də müqavilənin doğruluğunu yoxlamaq üçün Büronun 9707 SMS Mərkəzinə sorğu göndərmək mümkündür.
Diqqət: çıxarış aid olduğu sığorta müqaviləsini əvəz etmir!
Bununla belə, İcbari Sığorta Bürosu sığortalıların nəzərinə çatdırır ki, bu çıxarışlar heç bir halda sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) kimi başa düşülməməlidir. Sözügedən çıxarışlar sığortalının əldə etdiyi icbari sığorta müqaviləsində olan məlumatlarla tanış ola bilməsi üçün təqdim edilir və bundan artıq hər hansı funksiyaya malik deyil. Bu çıxarışlardan yalnız bir sıra hallarda (misal üçün, avtonəqliyyat vasitəsi sahibinin icbari sığorta müqaviləsinin olub-olmamasının aydınlaşdırılması zamanı) müvafiq məlumatyaradıcı istinad sənədi kimi istifadə oluna bilər.
Çıxarışları necə əldə etməli
Sığortalılar sahib olduqları icbari sığorta müqavilələrinə dair çıxarışı əldə etmək üçün öz sığortaçılarına müraciət etməli, sığorta şirkəti isə öz növbəsində müvafiq çıxarışın çap formasını sistemdən generasiya edərək vətəndaşa təqdim etməlidir. Çıxarışda əks olunan məlumatları İcbari Siğorta Bürosunun mərkəzi informasiya sistemində saxlanılan məlumatlar əsasında yoxlamaq istəyən sığortalılar Büronun 9707 SMS Mərkəzinə icbari sığorta müqaviləsinin nömrəsini göndərə və ya Büronun veb-saytında (http://services.isb.az/) olan müvafiq elektron xidmətdən istifadə edə bilər.