ABŞ-ın texnologiya şirkətlərinin səhmləri süni intellekt (Sİ) sahəsinə yatırılan böyük həcmli investisiyaların nə qədər gəlir gətirəcəyi ilə bağlı narahatlıqlar fonunda ardıcıl ikinci gündür ucuzlaşır.
“Google” bir gündə 500 milyard dollar dəyər itirdi
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, investorların texnologiya şirkətlərinin süni intellektə ayırdıqları yüz milyardlarla dolların qarşılığında gözlənilən gəliri əldə edə bilməyəcəklərindən ehtiyatlanması fond bazarında satış təzyiqini artırıb.
Cümə günü “Intel” şirkətinin səhmləri 28% ucuzlaşıb. “Google”un ana şirkəti “Alphabet”in səhmləri isə cümə axşamı 12% dəyər itirdikdən sonra cümə günü daha 1,4% azalıb.
“Reddit” və “Amazon” da daxil olmaqla, digər texnologiya şirkətlərinin səhmlərində də eniş qeydə alınıb. ABŞ-ın ən böyük texnologiya şirkətlərinin səhmlərini əhatə edən “Nasdaq” indeksi oktyabr ayını 2025-ci ilin martından bəri ən kəskin aylıq geriləmə ilə başa vurub.
Texnologiya şirkətləri süni intellektin inkişafına böyük vəsaitlər yatırmağa davam etsələr də, onların maliyyə nəticələri heç də həmişə analitiklərin gözləntilərini doğrultmur. Bu vəziyyət investorların narahatlığını artırır və bazarda süni intellekt köpüyünün yaranması ilə bağlı ehtimalları gücləndirir.
Süni intellektə 800 milyard dollarlıq investisiya planı
Böyük texnologiya şirkətləri süni intellekt sahəsinə yatırımlarını sürətləndirirlər. “Meta”, “Alphabet”, “Oracle”, “Amazon” və “Microsoft” şirkətləri 2026-cı ildə ümumilikdə 800 milyard dollar xərcləməyi planlaşdırırlar.
Bu investisiyaların əsas hissəsinin süni intellekt məlumat mərkəzlərinin, serverlərin və şəbəkə infrastrukturunun qurulmasına, eləcə də müvafiq texnologiyaların inkişafına yönəldilməsi nəzərdə tutulur.
Bununla belə, böyük həcmli investisiyaların şirkətlərin gəlirlərinə hansı səviyyədə təsir göstərəcəyi hələ də sual altındadır.
“Alphabet”in bazar dəyəri cümə axşamı kəskin azalıb. Şirkət axtarış sorğularına cavab olaraq təqdim etdiyi süni intellekt əsaslı xülasələrin ənənəvi axtarış reklamlarından əldə olunan gəlirlərə təsir göstərə biləcəyini açıqlayıb. Nəticədə şirkətin bazar kapitallaşması 500 milyard dollardan çox azalıb.
Maraqlıdır ki, “Alphabet” özü də bu il süni intellektlə əlaqəli investisiyalara 205 milyard dollara qədər vəsait ayırmağı planlaşdırır.
“Intel”in səhmləri 28% ucuzlaşıb
Cümə günü ən böyük itkilərdən biri “Intel” şirkətinin səhmlərində qeydə alınıb. Şirkətin bazar dəyəri 130 milyard dollardan çox azalıb.
Mikroprosessor istehsalçısı kompüterlərə tələbatın zəifləməsinə baxmayaraq, süni intellekt sahəsinə investisiyalarını artırmaq niyyətində olduğunu açıqlayıb. Halbuki kompüterlər şirkətin mikroprosessorlarına əsas tələbat mənbələrindən biridir.
“Intel”in maliyyə direktoru Devid Zinsner cümə axşamı bildirib ki, şirkət cari ildə əməliyyat fəaliyyəti nəticəsində əldə edəcəyi pul vəsaitlərinin xərclərini qarşılamaq üçün kifayət etməyəcəyini gözləyir. O, həmçinin dördüncü rüb üzrə gəlir proqnozunun analitiklərin gözləntilərindən aşağı olduğunu qeyd edib.
Şirkətin üçüncü rüb üzrə maliyyə nəticələrinin açıqlanması zamanı danışan Zinsner kompüter bazarında zəifləmənin ən azı gələn ilin birinci yarısınadək davam edəcəyini bildirib.
O, həmçinin qeyd edib ki, “Intel” üçüncü rübdə avadanlıqlara investisiyalarını əhəmiyyətli dərəcədə artırıb və bu xərclərin növbəti üç ayda daha da yüksəlməsi gözlənilir.
“Amazon”un xərcləri artır, “Reddit”in səhmləri 29% ucuzlaşır
“Amazon” da investisiya xərclərinin artması ilə əlaqədar investorların diqqət mərkəzindədir. Şirkət cümə axşamı açıqlayıb ki, xərcləri gəlirlərini üstələyir və son üç ayda bu xərclərin həcmi altı dəfə artıb.
“Amazon” 2026-cı ildə ümumilikdə 220 milyard dollar xərcləməyi planlaşdırır. Vəsaitlərin əsasən süni intellekt məlumat mərkəzlərinə, şəbəkə avadanlıqlarına və serverlərə yatırılması nəzərdə tutulur.
Şirkətin səhmləri bir gecə ərzində ilkin itkilərinin bir hissəsini bərpa etsə də, cümə günü ticarət sessiyasını 1,4% ucuzlaşma ilə başa vurub.
Sosial media platforması “Reddit”in səhmlərində isə daha kəskin eniş qeydə alınıb. Şirkətin gündəlik aktiv istifadəçilərinin sayının gözləniləndən aşağı olması və “Google”un süni intellekt əsaslı axtarış xidmətlərinin platformaya yönələn keçid trafikini azaltması ilə bağlı xəbərdarlığı investorların narahatlığını artırıb. Nəticədə “Reddit”in səhmləri 29% ucuzlaşıb.
Onlayn oyun platforması “Roblox”un səhmləri də gündəlik aktiv istifadəçilərinin sayının azalması fonunda 18% dəyər itirib.
Analitiklər gəlirliliklə bağlı sualların artdığını bildirirlər
“Microsoft” da daxil olmaqla, bir sıra iri texnologiya şirkətləri bu həftə maliyyə nəticələrini açıqlayıb. Analitiklərin fikrincə, hesabatlar süni intellekt sahəsinə yatırılan nəhəng vəsaitlərin nə dərəcədə gəlir gətirəcəyi ilə bağlı sualları daha da aktuallaşdırıb.
İnvestisiya idarəetmə şirkəti “FHN Financial”ın analitiki Kris Lou bildirib ki, fond bazarında müşahidə olunan proseslərin əksəriyyəti “Amazon” və “Google” kimi iri texnologiya şirkətlərinin maliyyə nəticələrinə investorların reaksiyası ilə əlaqədardır.
Onun sözlərinə görə, şirkətlər süni intellekt sahəsinin inkişafına böyük həcmdə vəsait yatırmağa davam etsələr də, bu investisiyalar fonunda ciddi artım çətinlikləri ilə üzləşirlər.
Analitik hesab edir ki, bazarda yaranan bu mənzərə texnologiya sektorunda ümumi artım tempinin zəifləyə biləcəyinə dair narahatlıqları gücləndirir.
İnvestorlar artıq investisiyaların geri dönüşünü tələb edirlər
Bir çox analitik hazırda fond bazarında süni intellekt köpüyünün yaranması ehtimalını müzakirə edir.
Əsas narahatlıq ondan ibarətdir ki, bəzi texnologiya şirkətləri yüksək bazar dəyərlərini doğrulda bilməyə bilər. Çünki süni intellekt məlumat mərkəzlərinin tikintisi, avadanlıqların alınması və proqram təminatının hazırlanması üçün çəkilən xərclər bu investisiyalardan əldə ediləcək gəlirləri üstələyə bilər.
“XTB” investisiya şirkətinin tədqiqat direktoru Ketlin Bruks bildirib ki, son aylarda süni intellektlə əlaqəli səhmlərin qiymətlərində ciddi yüksəliş və enişlər müşahidə olunur.
Onun sözlərinə görə, investorlar artıq şirkətlərin maliyyə nəticələrinə daha sərt yanaşır və üçüncü rüb hesabatlarında gözləntiləri doğrultmayan hər hansı göstəriciyə mənfi reaksiya verirlər.
Ketlin Bruks qeyd edib ki, son illərdə süni intellektlə əlaqəli investisiyalar investorlar üçün yüksək gəlir gətirsə də, indi bazar iştirakçıları yatırılan vəsaitlərin real maliyyə nəticələrini görmək istəyirlər. Bu baxımdan “Alphabet” və “Intel” kimi şirkətlər daha böyük təzyiq altındadır.
Bununla belə, bir sıra texnologiya şirkətlərinin bazar kapitallaşması hələ də bir il əvvəlki səviyyədən yüksəkdir.
Belə ki, “Nasdaq” indeksi oktyabr ayını 2,8% azalma ilə başa vursa da, son 12 ay ərzində ümumilikdə 7,8% artım göstərib. Eyni dövrdə “Amazon”un səhmləri təxminən 8% bahalaşıb, “Alphabet”in səhmləri isə 1,3% ucuzlaşıb.













