Ötən ilin sonunda Azərbaycanda işçi qüvvəsinə daxil olmayan əhalinin (iqtisadi cəhətdən qeyri-fəal əhali – red FED.az) 1 milyon 553,9 min nəfəri qadınlar, 1 milyon 11,7 min nəfəri kişilər olub.
İşsizlikdən sığorta alanlar kişilərin sayı azalıb – QADINLARIN SAYI ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu qadınların 661 min 961 nəfəri - 42,6%-i ev işlərini yerinə yetirən, uşaqlara və ailənin digər üzvlərinə qulluq edən şəxslərdir. Kişilərin isə 303 min 510 nəfəri – 30%-i təhsil alan (tələbələr və yuxarı sinif şagirdləri) şəxslərdir.
Bundan başqa, əmək bazarından kənarda qalan qadınların 19,9%-i (309 min 226 nəfəri) təhsil alanlar, 23,4%-i (363 min 613 nəfəri) yaşa görə əmək pensiyası alanlar, 12%-i (186 min 468 nəfəri) əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 2,1%-i (32 min 632 nəfəri) digər şəxslərdir.
İqtisadi cəhətdən qeyri-fəal kişilərin 23,5%-i (237 min 750 nəfəri) yaşa görə əmək pensiyası alanlar, 15,2%-i (153 min 778 nəfəri) əlilliyə və ailə başçısını itirməyə görə pensiya alanlar, 14,9%-i (150 min 743 nəfəri) ev işlərini yerinə yetirən, uşaqlara və ailənin digər üzvlərinə qulluq edənlər, 16,4%-i (165 min 919 nəfəri) digər şəxslərdir.













