Azərbaycanda sığorta sahəsində şikayətlərdən böyük hissəsi avtomobillərin sığortası ilə bağlıdır.
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bəzi hallarda avtomobil sahibləri sığorta şirkətlərinin hərəkətlərindən necə və haraya şikayət etmək lazım olduğunu bilmirlər.
FED.az sığorta eksperti Şükür Hüseynovun bu halla bağlı tövsiyəsini təqdim edir
Sual: Sığorta hadisəsi nəticəsində avtomobilimə dəyən zərərin ödənilməsi üçün sığorta tələbi ilə sığortaçıya müraciət etmişəm. Sığortaçı mənim iddiamı müsbət həll etməmiş və mənə rəsmi rədd cavabı vermişdir. Mən bundan sonra hansı qaydada və hansı ardıcıllıqla şikayət və ya etiraz edə bilərəm?
Cavab: Bu, sığorta bazarının ən çox diqqət çəkən problemlərindən olduğuna görə geniş izahata ehtiyac vardır. Sığortanın ümumi prinsipləri baxımından və müvafiq qanunvericilik tələblərindən çıxış edərək, Siz, aşağıdakı qaydada probleminizin həlli istiqamətində addımlar ata bilərsiniz:
1. Əgər sözü gedən sığorta müqaviləsi sığorta brokerinin vasitəçiliyi ilə bağlanmışdırsa, brokeriniz sizin vəkiliniz qismində çıxış edə və iddianızın təmin edilməsində iştirak edə bilər.
2. Bu alınmadıqda, Siz, növbəti addım olaraq birbaşa sığortaçınızın İH-nin müvafiq Xidmətinə müraciət etməli və öz haqlı tələbinizi irəli sürməlisiniz. Unutmayın ki, özünə hörmət edən sığortaçı üçün müştəri məmnuniyyətini qazanmaq prioritet məsələdir.
3. Növbəti addım olaraq, Siz, məhkəməyəqədərki mərhələdə mediasiya təşkilatının aidiyyatı mediatoruna müraciət edə bilərsiniz. Bildiyiniz kimi, 29 mart 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Siz müraciət etdiyiniz mediasiya təşkilatının Mediasiya Şurasında reyestrə daxil edilməsinə diqqət yetirməlisiniz. İnkişaf etmiş ölkələrdə sığorta ombutsmanı institutu da fəaliyyət göstərir. Ölkəmizdə sığorta ombutsmanı xidməti olmadığına görə, indiki halda kommersiya məsələlərinə baxan mediatorların xidmətindən yararlanmaq olar. Təbiidir ki, iddianın səviyyəsindən asılı olaraq, mediatorlara xidmət haqqı ödənilməlidir.
4. Nəhayət, bunlarla da “dərdinizə çarə” tapılmasa, son mərhələdə Siz, müvafiq məhkəməyə şikayət edə bilərsiniz. Bu halda sığortaçının ödənişdən rəsmi imtina məktubunu şikayət ərizəsinə əlavə etməlisiniz.
Sonuncular vaxt itkisi, komissiya və ya rüsum məsrəfləri tələb etdiyinə görə, Siz, qətiyyətli mövqe nümayiş etdirərək, problemlərinizi sığortaçının özü ilə birbaşa həll etməyə çalışmalısınız.