Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta şirkətlərinin rəhbərləri ilə növbəti dəfə görüşüb.
Palatadan FED.az-a verilən məlumata görə, ötən il sığorta şirkətlərinin rəsmiləri ilə bir neçə məhsuldar görüşlərin keçirildiyini xatırladan R.Aslanlı, bu görüşlərin bu il də uğurla davam edəcəyini qeyd edib. 2017-ci ildə palatanın fəaliyyətinin əsas fokuslarından birinin sığorta sektorunun inkişafı olacağını vurğulayan Palatanın Direktorlar Şurasının sədri, sektorun yetərincə kapitallaşması və ictimai etimadın bərpa edilməsi istiqamətində silsilə tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Görüş zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə müqavilələrin müştərilər üçün tam aydın şəkildə tərtib olunmasının vacibliyi xüsusi vurğulanmışdır. Rüfət Aslanlı həmçinin bildirib ki, sığorta şirkətləri sığorta müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi təqdirdə müştərilərlə yanaşı, rəhbərlik etdiyi qurumun qarşısında da cavabdeh olacaqlar.
Görüş 2016-cı ilin nəticələri və sığorta sektorunun mövcud vəziyyətinin dərin təhlilinə əsaslanan təqdimatın nümayişi və sektorun rəqabət qabiliyyətliliyin daha da artırılması istiqamətində nəzərdə tutulan tədbirlərə dair geniş müzakirələrlə davam etmişdir.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Sığorta sektorunun inkişafına dair əsas istiqamətlər müzakirə edilib
10:32
15 Mart 2017