Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilinq ilk 9 ayı üzrə sığorta bazarının göstəricilərini açıqlayıb.
FED.az-ın məlumatına görə, ilk 9 ayın nəticələrinə görə, sığorta sektorunda 22 sığorta (AzRe təkrarsığorta şirkəti nəzərə alınmadan) şirkəti tərəfindən 414 milyon 353 min manat sığorta haqqı toplanıb.
Toplanan sığorta haqlarının təqribən yarısı «Paşa Həyat Sığorta» və «Paşa Sığorta» şirkətlərinin payına düşür. 9 ayın nəticələrinə gör, bu şirkətlərin yığımı müvafiq olaraq 112,2 milyon manat və 93,6 milyon manat təşkil edib. Yığımların həcminə görə, 3-cü və 4-cü yeri tutan «Atəşgah» və «Atəşgah Həyat» sığorta şirkətləri isə müvafiq olaraq 27,9 milyon manat və 25,9 milyon manat toplayıb.
İlk 9 ayda ən aşağı yığım göstəricisi «Amrah Sığorta» (15,8 min manat) və «Başak İnam Sığorta Şirkəti»ndə (20,5 min manat) olub.
İlk 9 ayda sığorrta şirkətləri 188 milyon 580 min manat ödəniş ediblər. Ödənişlərin həcminə görə, ilk yeri «Atəşgah Həyat» sığorta və «Paşa Həyat» Sığorta tutur. Bu şirkətlər müvafiq olaraq 38,6 milyon manat və 38,3 milyon manat ödəniş ediblər. 3-cü yeri tutan «Paşa Sığorta» ilk 9 ayda 35,1 milyon manat ödəniş edib.
Bu dövrdə ən az ödəniş edən sığorta şirkətləri «Naxçıvansığorta» (8 min manat) və «Başak İnam Sığorta Şirkəti»dir (35,9 min manat).
İlk 9 ayda 22 sığorta şirkətindən 6-sı yığdığından daha çox ödəniş edib.