Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bəzi sığorta agentlərinin fəaliyyətinə verilmiş lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb və iki fiziki şəxsə verilmiş lisenziyaları ləğv edilib.
Palatadan FED.az-a verilən məlumata görə, Direktorlar Şurasının iclasında Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 93.2-3-cü maddəsinin tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.
İclasda həmçinin, Şahzadə Emin Şahgəldi oğlu və Qubadov Elxan İlham oğlunun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
Sığorta agentlərinin lisenziyalarına dair qərar qəbul edilib
15:07
13 İyun 2017