Azərbaycanda sığorta agentlərini və ümumilikdə sığorta vasitəçiliyi sahəsini ciddi yeniliklər gözləyir. Bu barədə FED.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib.
Qeyd edək ki, sığorta agenti işindəki problemlər və onların həlli yolları gələn ilini əvvəlində ASA-nın keçirməyi planlaşdırdığı Sığorta Vasitəçiləri Forumunda müzakirə ediləcək.
ASA rəhbərinin sözlərinə görə, hazırda ölkədə sığorta agentliyi sahəsində ciddi problemlər var, bunlardan birincisi onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərməsidir.
Qeyd edək ki, hazırda sığorta fəaliyyəti üçün sertifikat tələb olunur, amma əksər hallarda, xüsusilə bölgələrdə sığorta məhsulları belə sertifikatı olmayan, və sığorta agentlərinin subagenti kimi fəaliyyət göstərən şəxslər tərəfindən satılır. Bu hal, hazırki qanunvericiliyə əsasən, qanunsuz sayılır. Bununla yanaşı, bölgələrdə sığorta agentləri az olduğuna görə, sığorta satışlarının da əsas hissəsi belə subagentlər tərəfindən həyata keçirilir.
ASA rəhbəri bildirir ki, indiki vəziyyətdə həmin subagentlərin ləğvindən çox onların qanuni çərçivəyə salınması daha real görünür: «Biz də müzakirə etmişidik ki, bəlkə bunları rəsmiləşdirək, amma dünyada belə praktika yoxdur. Məncə hələlik ən uyğun çıxış yolu, belə şəxslərin agent şirkətlərinin işçisi kimi işləməsi ola bilər. Onsuz da indi belə işləyirlər, amma qeyri-rəsmi formada».
M.Abbasbəyli bildirir ki, sığorta agentlərinin inkişaf etdirilməsi bu sahənin prestijini də qaldıracaq: «Baxın, indi sığortanı adi mağazadan, servisdən, hətta qəssab dükanından almaq olar, bu normal deyil. Sığorta işçiləri daha savadlı olmalı və müştəriləri məlumatlandırmalıdırlar».